Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.
Metbuat.az xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331,35 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanmışdır.
Yolun 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidi, 31 dairəvi su ötürücü borunun, 27 düzbucaqlı boru, 5 alt keçid, 1 kəhriz keçidinin, 3 ədəd körpünün inşası 90% tamamlanmışdır. Bundan başqa, bitki qatının çıxarılması və qazma işləri 100%, torpaq yatağının tikintisi 92% yerinə yetirilib. Layihənin ilk 32,4 km-lik hissəsi üzrə fiziki tərəqqi 64% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə əsasın alt qatının tikintisi və asfalt-beton örtüyün döşənməsi işləri davam etdirilir. Layihənin sözügedən hissəsində 16 keçid və 25 kommunikasiya borusu, 67 müxtəlif diametrli suötürücü boru inşa edilib.
Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 100 %, süni qurğular 99 %, yol geyimi 65 % olmaqla, ümumilikdə tikinti işləri 72% icra olunub.
Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri davam etdirilir. 63 və 65-ci km hissələrində yolötürücünün tikintisi yekunlaşmışdır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.