Ukrayna müharibəni uduzur? - "Ciddi problemlər yaranıb"

“Ukraynada çox ciddi problem yaranıb. Çünki Ukraynaya ayrılacaq yardımlar kifayət qədər gecikdi. Keçən il ABŞ-dən yardım gəlməli idi. Onun müzakirəsini Konqresin sonuncu gününə saldılar. Daha sonra Konqres tətilə getdi. Onların tətildən gəlməyi 2 aya yaxın vaxt çəkdi. Bu da öz növbəsində Ukraynaya gələ biləcək yardımı azaltdı”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, digər Avropa ölkələrindən də yardımlarla bağlı narazılıqlar yaranmışdı:

“Bütün bunların nəticəsində Ukraynaya yardımlar kifayət qədər azaldı. Sadəcə Avropa İttifaqı yardım etdi. Digər məsələ isə silah yardımları idi. Gözlənilirdi ki, Ukraynaya daha inkişaf etmiş, müasir silahlar veriləcək amma verilmədi”.

Politoloq qeyd edib ki, bütün bunlar Ukrayna ordusunun döyüş gücünü azaldır:

“Eyni zamanda burada lazım olan mərmilərin çatışmazlığını görürük. Məsələn, Ukraynaya döyüş üçün lazım olan hər 10 mərmidən biri çatdırılır. Halbuki, biz Həmas-İsrail müharibəsində gördük ki, İsrailin ehtiyacı olmamasına baxmayaraq, 1 həftə ərzində ora minlərlə mərmi çatdırıldı. Bütün bu amillər Ukraynanı Rus ordusu qarşısında zəiflədir.

Ən böyük zəiflik aviasiya məsələsindədir ki, Rusiyanın 500-ə yaxın qırıcı təyyarəsi var. Amma Ukraynanın təyyarəsi demək olar ki, yox səviyyəsindədir. Belə olan halda Ukrayna ya atəşkəs şərtləri ilə barışmalıdır, ya da qərbdən yeni dəstəyi görülməlidir”.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR