Ceyhun Bayramovun qırğızıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

9 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Metbuat.az xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi və inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Qırğızıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı qeyd edilib. Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu diqqətə çatdırılıb. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyətli olduğu bildirilib. Yaşıl enerji istehsalı sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və hazırlıq işləri barədə ətraflı məlumatlandıraraq, bu mötəbər tədbirin əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin bərpa, quruculuq, sülh səylərindən, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslərin qəbuledilməz olduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqliyi bir daha diqqətə çatdırılıb.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

09:32

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”,-məlumatda bildirilib.

08:55

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüş Bişkek şəhərində keçirilir.

Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı