Təbrizdə keçirilən anma mərasimində 20 Yanvar faciəsinin ağrı-acılarından danışılıb

Təbrizdə keçirilən anma mərasimində 20 Yanvar faciəsinin ağrı-acılarından danışılıb
18:28 19 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Təbriz, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Mərasimdə baş konsul Əli Əlizadə çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan tarixində ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda, qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb. Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəbinin dünyada hökm sürən ikili standartlar siyasətinin olduğunu vurğulayıb.
Ə. Əlizadə həmin dövrdə bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında hadisə ilə bağlı yeganə etiraz bəyanatının ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirildiyini xatırladıb. Bu bəyanatın verilməsinin xalqımızın ruhlanması, dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin ört-basdır edilməsinin qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Baş konsul həmin hadisələrin həyata keçirilməsində birbaşa rolu olan ermənilərin hələ də utanmadan dünya ictimaiyyətini aldatmağa səy göstərdiklərini, zaman-zaman hətta 20 Yanvar faciəsinə dair fotoşəkilləri də qondarma “erməni soyqırımı”nın fotoşəkilləri kimi təqdim etməyə çalışdıqlarını, ermənilərin tarix boyu Azərbaycan, İran, Türkiyə və digər ölkələrin ərazisində həyata keçirdikləri soyqırımının, terror hadisələrinin onların nə qədər təhlükəli olmasını sübut etdiyini bildirib.
Mərasimdə baş konsulluğun əməkdaşları Nəriman Orucəliyev, Şahin Əhmədov da çıxış edərək 20 Yanvar hadisələrinin nəticələri, bu hadisələrin Azərbaycan ədəbiyyatında əks olunmasından danışıb, şairlərimizin hadisə ilə bağlı şeirlərindən misralar səsləndiriblər.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan süfrəsi açılıb, 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət fotostendə baxış olub. Mərasim iştirakçıları işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, buklet, qəzet və digər əyani materiallarla tanış olublar.
Tədbirdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Təbriz


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tebrizde_kechirilen_anma_merasiminde_20_Yanvar_faciesinin_agri_acilarindan_danisilib-825860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR