“Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışında Prezident İlham Əliyev Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini xatırlatdı”.
Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb:
“Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri zamanı Prezident İlham Əliyev çıxışlarında Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkə başçısı bildirdi ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.
Ötən il Azərbaycanda və Rusiyada Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edilib. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir”.
Cavid Osmanov qeyd edib ki, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Millət vəkili vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır.
“Hər iki ölkə qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir”.
Gülbəniz Hüseynli / Metbuat.az