XİN başçılarının Almatı görüşü: İrəvan Bakıdan nə istəyir?

“Bundan sonra Bakı-İrəvan danışıqlarında iştirak etmək istəyən tərəflərin “vasitəçi” yox, platforma olması yönündə presedent yarana bilər”.

Metbuat.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Almatı seçiminin Qazaxıstanın təklifi olduğu deyilsə də, Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır:

“Ararat Mirzoyan da macarıstanlı həmkarı ilə görüşdə bildirib ki, “Almatı danışıqları zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsbit etmək imkanının olacağına inanırıq”. Mümkündür ki, Almatıda əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq. İndiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib, nazirlər də son düzəliş və əlavələrin edildiyi variant üzərində dayanacaqlar. Mirzoyanın açıqlaması isə İrəvanın görüşdə sənəd imzalanmasını istədiyini deməyə əsas verir”.

Asif Nərimanlı vurğulayıb ki, Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi, Zəngəzur dəhlizinin açılmasıdır:

“Bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır. İlham Əliyev də sonuncu çıxışında bunu vurğuladı, lakin Paşinyan “razılaşmanın artıq qüvvədə” olmadığını deyərək, növbəti dəfə imtina etdi.

İrəvan üçün Bakının “öhdəliyi”, sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır. Erməni nazir də “öhdəliklərimiz” dedikdə əslində Azərbaycanın “öhdəliyini” nəzərdə tutur. Bu o deməkdir ki, İrəvan Almatıda “sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi” qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Hərçənd, bunun mümkünlüyü sual altındadır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR