20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
18:53 19 Yanvar 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan xalqının tarixinə qanlı və şanlı səhifə kimi yazılmış 1990-cı ilin 20 yanvar hadisələrindən danışaraq qeyd edib ki, 25 il əvvəl xalqımıza qarşı misli-bərabəri olmayan terror aktı həyata keçirilmiş, günahsız insanların qanı tökülmüşdür. O vaxtlar qürbətdə yaşayan Ümummilli lider Heydər Əliyev ilk olaraq mərkəzin bu işğalçı hərəkətini pisləmiş və cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu Öndər 20 yanvar faciəsinin Azərbaycan tarixində mühüm hadisə olduğunu qeyd etməklə yanaşı, həmçinin bu hadisələri xalqımızın milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi də qiymətləndirmişdir.

Ümummilli liderimizin bu kəlamları Silahlı Qüvvələrin şəxsi heyətinə çağırış kimi səslənmişdir: "Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır – milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır".

Sonra Azərbaycan Televiziya və Radiosu Niyazi adına Dövlət Simfonik Orkestrinin (dirijor Əməkdar İncəsənət xadimi Nazim Hacıəlibəyov), Cahangir Cahangirov adına xorun (bədii rəhbər və baş dirijor Şəhla Ələkbərova) və solistlər Ramil Qasımov, Aytac Şıxəlizadə, Bəyimxanım Vəliyevanın ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənmiş, məşhur tarzən, xalq artisti, dövlət mükafatı laureatı Ramiz Quliyev tarda "Qanlı yanvar lövhələri", Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu isə "Azadlığa gedən yollar" kompozisiyalarını təqdim etmişlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR