Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc "Bazar gölü"ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin hələlik məlum olmayan səbəbdən suya düşərək boğulduğu bildirilir.
NDU-dan Metbuat.az-a verilən məlumata görə, 19 yaşlı Fəttah Zəkəriyəyev Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbəsi olub. 18 yaşlı Əli Mehrəliyev isə Naxçıvan Dövlət univeristetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbəsi, Tələbə Həmkarlar Íttifaqı Komitəsinin sədr müavini imiş.
Məlumata görə, Əli və Fəttah qohum olublar. Hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə düşüb. Fəttah isə ona kömək etmək üçün gölə atılıb və nəticədə hər ikisi suda boğulub.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.