Azərbaycanda illik inflyasiya açıqlandı

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 %, qeyri-qida məhsulları üzrə 100,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 % olub.

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %. Qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR