2024-2025-ci il mövsümündə Rusiyada buğda istehsalı 88 milyon ton, ixracı isə 52 milyon ton təşkil edəcək. Rusiyanın ən yaxın rəqibi olan Aİ-nin buğda ixracı ilə bağlı proqnoz isə 34 milyon tondur.
Metbuat.az xəbər verir ki, Rusiyada yem taxılının istehsalı proqnozu 41,53 milyon ton, ixracı 10,65 milyon ton təşkil edir. Qarğıdalı məhsulu 16 milyon ton, ixracı isə 5,2 milyon ton qiymətləndirilir.
Azərbaycanda rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2 hektar olubsa, bu il cəmi 584,3 hektar sahədə belə əkin aparılıb.
Azərbaycan 2023-cü ildə Rusiya Federasiyasından buğda idxalını 0,9% artıraraq 1,1 milyon tona çatdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiya Azərbaycana 250 milyon dollardan çox taxıl tədarük edib.
Bundan əlavə, ötən ildə Azərbaycan Qazaxıstandan 51,7 milyon dollar dəyərində 152,4 min ton buğda idxal edib. Azərbaycana tədarük olunan buğdanın 87%-i Rusiyanın, 13%-i isə Qazaxıstanın payına düşüb.
Dünyada buğda idxalının çox olmasının çörəyin qiymətinə təsirləri barədə danışan iqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə çörəyin qiymətində hər hansısa bir enişin və yaxud yüksəlişin olacağını gözləmir:
“2022 ci ildən sonrakı dövr ərzində iqtisadiyyatda istər qlobal səviyyədə, istərsə də ölkə səviyyəsində artım dinamikası müşahidə ediləcək.
Rusiya ilə Ukrayna arasında olan münaqişə təkcə buğda təchizatı ilə bağlı problemlər deyil, ümumiyyətlə təchizat sistemində problemlər yaratdı və riskləri artırdı. Problemin yaranmasına risk artdığı zaman bütün ölkələr- Qazaxıstan, Hindistan, Rusiya və digərləri daha ehtiyatla yanaşaraq öz buğda ixraclarına qadağalar qoymağa başladı. Bu məhdudiyyətlər də buğda qiymətlərini son 50 ildə görünməmiş pik səviyyəyə çatdırdı. Hər il davam edən bu tendensiya fonunda “çatışmazlıq, aclıq olacaq, nəticədə bu qədər insan qırılacaq”,- deyə həm BMT-nin, həm də digər qlobal təşkilatların verdiyi siqnalları eşidirik. Hesab edirəm ki, bu, reklam xarakteri daşıyır və məsələyə diqqəti artırmağa yönəlib”.
Ekspert qeyd edib ki, doğru təhlil edəndə görə bilirik ki, nəinki Azərbaycanda, dünyanın əksər yerlərində, deyildiyi qədər nə qlobal böhrandan, nə də aclığın artan dinamikasından söhbət gedə bilməz. Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsinə milli təhlükəsizlik səviyyəsində yanaşdığını vurğulayan ekspert vurğulayıb ki, ölkəmiz hər zaman öncədən ciddi həcmdə tədarüklər həyata keçirir:
“Dünya bazarlarında buğdanın qiyməti qalxdığı zaman Azərbaycanda çörəyin qiyməti dörd-beş ay müddətində qalxmır. Ona görə ki, tədarük var və ucuz qiymət alınıb. Dünya bazarlarında da çörəyin qiyməti dərhal düşmür. Çünki, öncədən ciddi tədarük həcmləri həyata keçirilib. Yəni bu mexanizmi nəzərə alarsaq, qarşıdakı 4-5 ay ərzində qiymətlərdə gizli artım və ya azalmalar olarsa, o zaman çörək qiymətlərində biz nəyisə görə bilərik”.
Gülbəniz Hüseynli / Metbuat.az