Qan azlığını aradan qaldırmaq üçün bunları edin

Qan azlığı, yəni anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması ilə əlaqədar olaraq meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmamaq, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan amillərdir. Həmin problemdən böyüklərlə yanaşı uşaqlar da əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, qan azlığı barədə məlumat verən həkim-pediatr Qoşqar İsmayılov deyib: “Ən əsas səbəblərdən biri qidalanma ilə əlaqədardır. Helment və parazitlərlə əlaqədar, xroniki xəstəliklər nəticəsində də qan azlığı yarana bilər və onun qanitirmə nəticəsində də yaranması mümkündür. Eyni zamanda anadangəlmə anemiya yaradan müəyyən genetik irsi xəstəliklər də var”.

Hazırda uşaqlar arasında ən geniş yayılan qan azlığı qida mənşəlidir. Eyni zamanda bəzi normal qidalanan uşaqlarda dəmirin orqanizmə sorulma prosesi yaxşı getmir. Qan azlığı rəngin solması, ümumi halsızlıq, dəridə quruluq, qabıqvermə, dırnaqların qırılması, saçların tökülməsi, iştahasızlıq, körpələrdə təbaşir və torpaq yeməyə meyillilik, müxtəlif iylərə qarşı qeyri-adi hissiyyat, dadbilmənin itməsi, bir qədər böyük uşaqlarda başgicəllənməsi yarana bilər. Belə hallar yaranan kimi dərhal həkimə müraciət etmək lazımdır.

“Uşaq qırmızı ət, toyuq əti, balıq əti yeməyə həvəs göstərmirsə, onu buna məcbur etmək lazım deyil. Elə bitkilər və bitki mənşəli qidalar var ki, onların tərkibində olan dəmir mal və qoyun ətindən daha zəngindir. Dəmirlə zəngin olduğuna görə adi noxudu qaynadıb uşağa yedizdirmək və suyunu içirmək daha yaxşıdır”, - deyə həkim-pediatr bildirib.

Bundan əlavə B12 vitamini ilə zəngin mal əti, malın ürəyi, böyrəyi, ciyəri, süd və yumurta sarısı kimi qidalar da rasiona daxil edilməlidir. Qara çay, kofe, kakao, qəhvə, nanə və digər ədviyyat və bitki çaylarının tərkibində olan birləşmə və polifinollar orqanizmdə dəmirin sorulması prosesini ləngidir. Ona görə də qidalanmadan bir qədər sonra çay və qəhvə qəbul edilməsi tövsiyə olunur.

Sinklə zəngin maddələrə isə kahı, günəbaxan və balqabaq tumu, ispanaq, buğda kəpəyi, cücərmiş buğda, moruq, qara qarağat, xurma, lobya, mərcimək daxildir. Qan azlığı olanlar kələm, brokkoli kimi vitaminli qidalardan istifadə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı