"Azərbaycan istənilən qüvvənin cavabını verməyə hazırdır”- Fazil Mustafa

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın suallarını cavablandırıb.

Ayxan Hacızadə bildirib ki, ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.

“Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.

Son günlərdə İran-Azərbaycan münasibətlərində ciddi gərginlik hiss edilməsə də, Tehran tərəfindən müxtəlif qüvvələr mətbu orqanlar vasitəsi ilə Azərbaycan-İsrail münasibətlərini bəhanə edərək tənqid və təhdid dili ilə danışmağa cəhdlər edir.

Məsələ barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, İranın bu proseslərdə nə etmək istədiyi anlaşılmır:

“Bu məsələdə hər hansı bir narahatlığımız olmamalıdır. Çünki Azərbaycan onunla hədə ilə danışan istənilən dövlətə lazımı səviyyədə cavab verə bilir. İranın İsraillə bağlı müəyyən hədəfləri var. Bu hədəfləri necə vurduqları da göründü. İsrailə heç nə edə bilmədi, əksinə İsrail daha çox zərbə vurdu. İran İsrailin bir uzantısıdır. İranın hansısa bir addım atması da İsrailin, Amerikanın razılığı ilə olur. Onlardan kənar İranın hansısa bir mümkün addım atması da görünmür”.

Fazil Mustafa hesab edir ki, əgər İranın Azərbaycanla əlaqələri davam etdirmək istəyi yoxdursa, bu ona təhdid etmək hüququ vermir:

“Azərbaycan nəinki İranla, bütün sərhəd dövlətlərlə qonşuluq prinsiplərinə sadiqdir. İranla da normal qonşuluq münasibəti saxlamağa davam edirik. Əgər hansısa bir şəkildə münasibətlərə maraq yoxdursa, heç kim Azərbaycanı bu formada hədələyə bilməz. Bu halda, Azərbaycan istənilən qüvvənin cavabını verməyə qadirdir, hazırdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı