"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində şəhid İlqar Zülfiqarovun adını daşıyan küçə bərbad vəziyyətdədir.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə sakinlər bildiriblər. Məlumata görə, küçədə 5 ildir ki biabırçı vəziyyət yaranıb:

"2019-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə yollarımıza asfalt örtüyü çəkildi. Çox səliqəli idi. Amma hal-hazırda küçələr bərbad vəziyyətdədir. Həmin yollar indi yararsız hala düşüb. Kanalizasiya sistemi olmadığına görə, sular küçəyə axır. Hazırda həyətimiz yarım metr hündürlüyündə çirkab suları ilə dolub. Çox xahiş edirik, kəndimizə kanalizasiya sistemi çəkilsin. Bu kənddə kanalizasiya sistemi yoxdur. Bunun nəticəsində yollar da çox bərbad vəziyyətə qalır".

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemin həlli üçün heç bir addım atılmayıb: "Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə dəfələrlə müraciət etmişik, icra başçısı əraziyə baxış keçirib. İcra başçısı deyir ki, həyətinizdə quyu qazın, kanalizasiya çəkməyəcəyik. Demək olar ki, hər həftə həyətimizdəki suyu şəxsi hesabımıza maşınlarla çəkdiririk".

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, yolun təmir olunması ilə əlaqədar tərəfimizdən aidiyyatı qurumlara müraciət olunacaq:

"Məlumat üçün bildiririk ki, Kürdəxanı qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından qəsəbənin bir neçə küçələrində, o cümlədən İlqar Zülfüqarov küçəsində intensiv yağıntılar zamanı yığılan suların kənarlaşdırılmasında çətinliklər yaranır. Bununla bağlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həmin küçələrdən su tutarı olan avtomobillər vasitəsilə mütəmadi olaraq yığılan sular kənarlaşdırılır.

Eyni zamanda onu da nəzərinizə çatdırırıq ki, sözügedən şəbəkənin qurulması "Azərsu" ASC tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir".

Adil Vəliyevin əraziyə baxış keçirməsi və sakinlərə həyətlərində quyu qazmaq tövsiyyəsi verməsi məsələsinə gəlincə isə, icra hakimiyyətindən bildiriblər ki, qurum bu barədə məlumatsızdır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR