Azərbaycan Prezidenti İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin ölkənin digər rayonlarında da həyata keçiriləcəyi düşüncəsi yaranıb.
Müxtəlif ekspertlər səviyyəsində müzakirə edilən bu məsələnin mahiyyəti odur ki, mövcud icra hakimiyyətləri ləğv edilib, əvəzinə Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin oluna bilər.
Millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirib ki, düşüncələr eksperiment xarakteri daşıyır. Millət vəkili qeyd edib ki, gələcəkdə xüsusi nümayəndə institutuna keçirilə bilər:
“İndi bu məsələ aktual deyil. İcra hakimiyyətləri bölgələrdə fəaliyyətdədir və hər hansı bir şəkildə onların statusunda dəyişiklik yoxdur. Yəqin ki, gələcəkdə referendum keçiriləndən sonra idarəetmə sistemində köklü dəyişikliklər olanda bu məsələyə baxıla bilər. Amma indiki vəziyyətdə hələ ki, bu məsələ gündəmdə deyil və hər hansı bir şəkildə yaxın günlərdə müzakirəsi gözlənilmir”.
Gülbəniz Hüseynli / Metbuat.az