Qohum evlilikləri qadağan edilməlidir - Bu nikahdan doğulanlar...

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova bildirib ki, irsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. O, bu evliliklərin genefondumuza böyük zərbə vurduğu qənaətindədir.

Tamam Cəfərova deyib ki, Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır:

Tamam Cəfərova: Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin  siyasi dəyəridir - AZƏRTAC

“İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir. Nə vaxtsa, hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır".

Məsələ barədə sosioloq Əhməd Qəşəmoğlu Metbuat.az-a bildirib ki, qohum evlilikləri birmənalı olaraq ləğv olunmalıdır. Ekspert deyib ki, qan qohumları arasında evlilik aktı baş tutarsa, bunun fəsadları gec-tez özünü biruzə verir:

Biz mənəvi dəyərləri arxa plana atmışıq -

“Bu evliliklərdə valideynləri uşağın sağlam yoxsa əksinə, xəstə doğulacağı həyəcanı ciddi narahat edir. Təcrübədə sağlam doğulan uşaqların 5-10 yaşdan sonra genetik xəstəlikləri biruzə verdiyi də görülüb. Hətta 30 yaşdan sonra bu qüsurları müşahidə edilən şəxslər var. Biz bilirik ki, qohum evlilikləri fəsada səbəb olur, amma yenə də bu addımları atırıq. Hesab edirəm ki, bu mövzuda din xadimləri də insanlara məsləhətlər verməlidirlər. Bu münasibətlərin nəticəsində insan üçün təhlükə var. Əmi qızı, dayı qızı bacı hesab edilir. Bir yerdə böyüyən uşaqlar, evlilik çağına gələndə bir-birinə başqa gözlə baxmağa başlayırlar. Bu zamanda xoşagəlməz mənəvi məsələlər ortaya çıxır”.

Ə.Qəşəmoğlu hesab edir ki, həm fiziki, həm də mənəvi cəhətdən təhlükəli sayılan bu izdivacların genefondumuza vurduğu zərər barədə kifayət qədər maarifləndirmə işi aparılmır, insanlara izahat verilmir. Sosioloq qeyd edib ki, artıq yumşaq metodlarla yanaşı, inzibati üsulların tətbiqinə zərurət yaranıb.

Qohum nikahları zamanı talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq hərəki sistemi qüsurları, inkişafdan qalan hamiləlik, ürək qüsurları olan uşaqların doğulması və nəticədə uşaq ölümləri, bir yaşa qədər körpələrin qəfil ölümü və s. kimi xəstəliklər meydana çıxır.

4 nömrəli Qadın Məsləhətxanasının həkim mama-ginekoloqu Xanım Məhərrəmovanın sözlərinə görə, qan qohumluğu evliliklərində daha çox rast gəlinən xəstəliklər bölgə və regionlara görə dəyişir:

“Bu evliliklərdə əqli gerilik və qan xəstəlikləri olan uşaqlar doğulur” -

“Qohum evlilikləri nəticəsində irsi və genetik xəstəliklərin yaranma riski çox böyükdür. Şəkərli diabet, arterial hipertenziya, şiş xəstəlikləri, həmçinin onkoloji xəstəliklərə meyllilik irsi xəstəliklər sayılır və daha çox yayılan növlərdir. Hemofiliya, alkoqolizm kimi xəstəliklər ana geni ilə, şizofreniya, mərkəzi sinir sistemi xəstəlikləri isə ata geni ilə körpəyə ötürülür”.

Həkim mama-ginekoloqun fikrincə, qan qohumluğu olan nikahlar nəticəsində şizofreniya, ürək qüsurları, əqli zəiflik, albinizm, fiziki qüsurlu körpələrin dünyaya gəlməsi müşahidə olunur:

“Əgər ata və ana eyni xəstə qanın daşıyıcısıdırsa, genetika qanununa əsasən, fəsadların və xəstəliklərin yaranma riski daha da yüksəkdir. Bu zaman talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəkət sisteminin qüsurları yaranır. Bəzən olur ki, ailələr eyni nəsildən qohum evliliyi həyata keçirirlər. Nəticədə, daha çox qan qohumları ilə ailə quran qadınların orqanizmində ciddi problemlər əmələ gəlir. Bununla yanaşı, körpənin xəstə doğulma ehtimalı da yüksək olur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı