“Zatulin erməni ilə alban kilsəsinin fərqini bilmir” - Millət vəkili

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib. O deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a deyib ki, Zatulinin fikirlərini şərh etməyə dəyməz:

“Zatulinin qərəzli mövqeyi hamıya bəllidir. O əslində erməni kilsəsi ilə alban kilsəsinin fərqini bilmir. Çünki dini bilgiləri aşağı səviyyədədir. Əgər bilsəydi, görərdi ki, böyük bir fərq var. Fikrimcə, Zatulinin açıqlamaları problemi anlayan insanlar üçün o qədər də dəyərli informasiya kimi qiymətləndirilə bilməz”.

Fazil Mustafa qeyd edib ki, Zatulinin bu açıqlamaları təxribat xarakterlidir:

“Azərbaycan nə alban abidəsinə, nə də erməni abidəsinə toxunmur. Əgər toxunsaydı, Bakının mərkəzində erməni kilsəsinin mövcud olmasına imkan verməzdi. Deməli, Azərbaycanın belə bir problemi yoxdur. Biz bu istiqamətdə gördüyümüz işlərimizi daha da davam etdirməliyik. Toleranlığı özümüz üçün edirik, başqaları üçün yox”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR