Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün tapılıb.
Əsgərin hanşı şəraitdə vəfat etməsi ilə bağlı araşdırmalar başlanılıb.
Əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Hərbi prokurorun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Metbuat.az-a bildirib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Araşdırmalardan sonra nəşi tapılan əsgərə şəhid statusu verilə bilərmi?
Metbuat.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:
"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər".
Seyranə Quliyeva / Metbuat.az