Bakı. Aqşin Rafiqoğlu, Aynur Əliyeva - APA-Economics. “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.
“Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha yaxşılaşdıracaq”, - deyə D. Məmmədov qeyd edib.
Vitse-prezident əlavə edib ki, hazırda “Azərneftyağ” zavodunun tamamilə bağlanmasından söhbət gedə bilməz, çünki hazırda sözügedən müəssisədə bitum istehsalı aparılır.
D. Məmmədov bildirib ki, “Azərneftyağ”ın fəaliyyətinə tamamilə 2018-ci ildə, yəni “Heydər Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra mümkün ola bilər”.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov isə qeyd edib ki, "Azəreftyağ"ın fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Vitse-prezident bunu tikilməkdə olan yeni Neft-qaz emalı və Neft-kimya Kompleksi qeyd olunan tarixdə istismara verilməsi ilə əlaqələndirib.
Xatırladaq ki, SOCAR-ın 2014-cü il 24 dekabr tarixli əmri ilə “Azərneftyağ” Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla gələn ilin yanvarın 1-dən fəaliyyətinə xitam verilməsi barədə qərar verilib.