İranda yeni prezident nələri dəyişəcək? - ŞƏRH

İranda keçirilən növbədənkənar prezident seçkiləri ikinci turda Məsud Pezeşkianın qələbəsi ilə başa çatdı və o, İranın 9-cu prezidenti oldu. Onun prezident seçilməsi İranın daxilində və regionda hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Metbuat.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, hazırda İranın siyasətində hansı dəyişikliklərin olacağı barədə proqnoz vermək tezdir:

"Hazırda nəsə demək tezdir. Çünki İranda prezident dəyişsə də, ümumi "dərin dövlət"in apardığı xarici siyasət davam edir. Ona görə də, hər hansı ciddi dəyişikliyin olması hələ gözlənilmir. Əsas məqam ondan ibarətdir ki, niyə onu hakimiyyətə gətirdilər və indiki halda bu, İrana nə verə bilər? Biz bilirik ki, İranın daxilində sosial və iqtisadi zəmində qarşıdurmalar var idi, eyni zamanda İsrail və ABŞ kimi qüvvələrlə münasibətlərin hansı səviyyədə olduğu da aydındır. Belə olan təqdirdə, cəmiyyətin ümid bəslədiyi islahatçı şəxsin hakimiyyətə gəlməsi, İranda dini hakimiyyətin dayanıqlılığı və bu hakimiyyətin saxlanması üçün vacib idi.

Maraqlıdır ki, özünü dəfələrlə azərbaycalı adlandıran şəxs Azərbaycan və Ermənistana qarşı necə siyasət aparacaq. Hər halda sabit İran Azərbaycan üçün də vacibdir. Ümid edək ki, İranla Azərbaycan arasında nəzərdə tutulan Şimal-Cənub nəqliyyat yolu və digər layihələr həyata keçiriləcək".

Politoloq Tofiq Abbasov isə bildirib ki, Məsud Pezeşkianın qələbəsi İran və Qərb dövlətləri arasında dialoqa təkan verə bilər:

"Həmçinin hakimiyyəti ciddi şəkildə narahat edən daxili qarşıdurmaların həllinə şərait yarada bilər. Sosial dəyişiklik həssas kateqoriyalar üçün bir növ xəyala çevrilib. Bununla bağlı vədlər Pezeşkian tərəfindən səsləndirilib və indi onun vəd etdiyi prioritetlərin həyata keçirilməsi üzərində işləməsi strateji əhəmiyyət kəsb edəcək.

CNN son xəbərlərdə İsrail dilemmasının yeni prezident üçün baş ağrısına çevrilə biləcəyini yazır. Təl-Əvivlə qarşıdurmanın dərəcəsi getdikcə artır və İsrail Livan Hizbullahına qarşı hərbi kampaniyaya başlasa, Pezeşkian üçün onun radikal qüvvələrinin təzyiqinə müqavimət göstərmək asan olmayacaq. O, ölkəni ölümcül müharibədən xilas etmək üçün mütləq ixtiraçılıq nümayiş etdirməli olacaq. CNN hesab edir ki, prezident İsrailə doğru kritik trayektoriyanı dəyişə bilməyəcək.

Regional siyasətin həyata keçirilməsi baxımından Pezeşkian çox güman ki, Azərbaycanla qarşıdurmanın mənasızlığını dərk edən İbrahim Rəisinin yolu ilə gedəcək. Məsud Pezeşkian bir çox məsələlərin həllinə sıfırdan başlamalı olacaq. Onun siyasətdə təcrübəli olduğunu və daxili opponentlərlə qarşıdurmada böyük təcrübəyə malik olduğunu xatırlasaq, o zaman belə qənaətə gəlmək olar ki, yeni prezident ölkənin uzun illərdir mövcud olan bir çox problemlərindən yaranan gərginliyi aradan qaldıra biləcək".

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Soltan Zahidov düşünür ki, yeni prezidentin gəlişindən sonra müəyyən dəyişikliklər ola bilər, lakin onun Azərbaycana açıq dəstəyi gözlənilən deyil:

"Seçkilərdə əsas iki qanad mübarizə aparırdı - mühafizəkarlar və islahatçılar. Məsud Pezeşkian islahatçılardandır. İslahatçılar yeniliklərin, müasir metodların tətbiqinə üstünlük verən şəxslərdir. Lakin əfsuslar olsun ki, İranda əsas fiqur ali dini rəhbərdir. Ölkənin daxili və xarici siyasətinin bütün çərçivələrini Xomeyeni və onun Şurası müəyyən edir. Belə olan halda, ölkə prezidentinin funksiyası sadəcə icraedici funksiya olaraq qalır. Xarici siyasəti dini lider müəyyən edir, prezident isə onu icra edir. Ona görə, İran siyasətinin 180 dərəcə dəyişməsi fikrimcə, mümkünsüzdür.

Ölkədə islahatlar ola bilər, İran yenidən nüvə danışıqlarını davam etdirə bilər, İsrail məsələsində daha yumşaq siyasət sərgilənə bilər, hicabla bağlı müəyyən güzəştlər həyata keçirilə bilər. Amma nə qədər ki, ölkənin ali rəhbərliyi mühafizəkar şəxslərdir, ölkənin dəyişəcəyini deyə bilmərik. Yəni prezident Məsud Pezeşkian oldu deyə, Azərbaycanın maraqlarına uyğun, Azərbaycana dəstək verəcək siyasət yürütməyəcək. İranın ali rəhbərliyi Məsud Pezeşkianın prezident olması ilə bir mesaj verməyə çalışır ki, biz artıq yeniliklərə, islahatlara hazırıq. Onsuzda onlar istəməsələr, Pezeşkian hakimiyyətə gələ bilməzdi".

Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

Xatırladaq ki, Məsud Pezeşkian seçkilərin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb. İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR