21 iyunda Milli Məclisdə keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin olunması təklif edilib və bir sıra məbləğlərin artırılması nəzərdə tutulub.
Cərimələrin qaldırılması nəyi dəyişəcək və əsas məqsəd nədən ibarətdir?
Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadi ekspert Xalid Kərimlinin sözlərinə görə, cərimələrlə bağlı məsələlərdə dünya standartlarından istifadə olunmaması fikri yanlışdır. Çünki dünya çox geniş və rəngarəngdir:
“Avropanı Azərbaycan ilə müqayisə etsək, orada cərimələr dəfələrlə çoxdur. Bizim cərimə sistemimizi qaldırsalar da, yenə də Avropa ilə müqayisə də daha ucuzdur. Əsas məqsəd ondan ibarətdir ki, konkret qaydaları pozanlar cəzalandırılsın. Onlar vətəndaşdan yanlış heç nəyi tələb etmirlər. Hökumət deyir ki, məsələn, parkinq qaydalarını pozma ki, cəzalandırılmayasan”.
Ekspertin fikrincə vətəndaşlar qaydalara riayət etmirlərsə, bunun cəzalandırılması da olmalıdır və qaydalara riayət etməyən şəxsin müdafiəsində də durmalı deyilik. Cərimələr ona görə artırılır ki, şəxslər qoyulan qaydalara riayət etmirlər və qayda pozuntularına yol verirlər. Ona görə də qaydaları sərtləşdirmə məqsədi güdülür.
“Bu, əlbəttə ədalətlidir. Ölkə hər gün inkişaf edir, maşın istifadəçilərinin sayı çoxalır. Əvvələr sürücülərin böyük əksəriyyətini kişilər təşkil etsələr də, indi sürücülərin böyük qismi arasında qadınlar da yer alır. Avtomobil sayı da çox olduğu üçün sürücülər yol hərəkəti qaydalarına riayət etmirlər. Ona görə qaydaların sərtliyini və cərimələrin artırılmasını normal hesab edirəm”.
X.Kərimli bildirir ki, sürücülər qaydaları pozmamağa çalışsınlar. Sərtləşdirilmiş qaydaları ona görə müəyyən ediblər ki, digər iştirakçıların da hüquqları pozulmasın, təhlükəsizlikləri təmin edilsin. Bunu pozan şəxslərin də cərimələnməsi ədalətlidir və cəmiyyətin birgə yaşayış hüquqlarına da uyğundur.
Mədinə Zaur / Metbuat.az