Azərbaycan və İordaniya arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan və İordaniya arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
19:53 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Əmman, 19 yanvar, AzərTAc
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin əmək və turizm naziri Nidal Murdi Abdullah Katamin ilə görüşüb.
Nazir ölkələrimiz arasındakı əlaqələrdən, dost və qardaşlıq münasibətlərinin tarixindən, mövcud olan ikitərəfli siyasi əlaqələrin yüksək səviyyəsindən danışıb. O turizm sahəsində çalışan şirkətlər üçün “İnfotur”-ların təşkil edilməsi habelə birbaşa aviareyslərin həyata keçirilməsi üçün bir neçə İordaniya aviaşirkəti və turizm şirkətlərinə müraciət etdiklərini və nəticələr barədə səfirliyə məlumat verəcəklərini söyləyib.
Öz növbəsində səfir S.Ağabəyov sözügedən məsələlərlə bağlı Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirərək, ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, Azərbaycanın digər sahələrlə yanaşı turizm sahəsində də geniş infrastruktura malik olduğunu qeyd edib.
Eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş “Qanlı Yanvar” hadisəsi barədə N.Kataminə geniş məlumat verən səfir, bunun Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərindən biri adlandırıb. Səfir bildirib ki, “Qanlı Yanvar” gecəsi sovet tankları və hərbi birləşmələri Bakı şəhərinə daxil olaraq günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetiriblər. Bu qanlı hadisələr zamanı yüzlərlə dinc sakin qətlə yetirilib, yaralanıb, həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalmışdı. Səfir 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olduğunu, tarixə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşdüyünü nazirin diqqətinə çatdırıb. Bu qanlı cinayətin məqsədi, Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq olduğunu söyləyən səfir, bildirib ki, Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilməyib və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini bərpa edib. “Qanlı Yanvar”-dan 25 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla andığını bir daha vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir, münaqişə nəticəsində ölkəmizdə bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, uzun illər boyu davam edən qaçqın probleminin ölkə iqtisadiyyatına vurduğu zərbəni, eləcədə işğal altında olan Azərbaycan torpaqlarında yüzlərlə mədəniyyət və incəsənət ocaqlarının ermənilər tərəfindən darma dağın edildiyini, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağda mənfur qonşularımızın hətta bölgənin daş yaddaşına aman verməyərək yüz illərin Azərbaycan-müsəlman qəbir daşlarını dağıtdıqlarını diqqətə çatdırıb.

Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Iordaniya_arasinda_turizm_sahesinde_emekdasligin_genislendirilmesi_meseleleri_muzakire_olunub-825900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR