“İmam Hüseyn məktəbi bizim üçün dərsdir, yol göstəricisidir, yaxşılıqdır. Onlar haqqın, ədalətin, dinin yolunda şəhid oldular, öz canlarını fəda etdilər. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Çünki xalq olaraq biz bunu daha yaxşı başa düşürük”.
Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx Vətən müharibəsində Azərbaycanın haqlı qələbəsindən də danışıb:
“30 il ərzində erməni işğlaçıları bizim torpaqları işğal edəndə, məscidlərimizi, ziyarətgahlarımızı barbar hala salıb, məscidlərimizdə donuz saxlayıb. Bu, islamafob və xalqımıza olan münasibətdir. Allaha şükür ki, 30 ildən sonra ordumuz bu torpaqları azad etdi. Mən bunu ona görə yada salıram ki, biz bu torpaqlar üçün şəhid verdik. Şəhidlərimizin qanı bahasına torpaqlarımızı azad etdik. Şəhidlər Allah yanında ən yüksək məqamdadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Allahşükür Paşazadə deyib ki, bizim ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra ilk dəfədir Aşura keçiririk. Şuşada məscidlərlə yanaşı, erməni kilsələri də bərpa olunur: "Ermənilər özlərini xristian adlandırırlar, amma xristian kilsələrini də məhv etmişdilər.
Ona görə də biz aşura məktəbindən dərs almalıyıq. Torpağımızı, vətənimizi qorumağı bacarmalıyıq. Bacardıq da. Xalqımız bunu heç vaxt yaddan çıxarmamalıdır. İlk dəfə biz Şuşada qazilik məktəbini yaratdıq. Laçın, Kəlbəcər, Zəngilan, Fizuli, Şuşadan olan insanlar var ki, onlar bu məktəbdə dini ayinləri yerinə yetirirlər”.
Şeyx Azərbaycanda bu gün qanvermə aksiyası keçirildiyini də bildirib:
“Bu gün Təzə Pirdən əlavə, başqa yerlərdə də qanvermə prosesi gedir. Mən bunu təklif edəndə bəzi dövlətlər bu məsələyə yan baxırdılar. Amma bu gün görürük ki, qonşu dövlətlər də bu aksiyaya qoşulub. Hətta İran və Türkiyədə də bu gün qanvermə prosesi gedir. Xəstə olan insana həyat vermək, qan vermək çox savab işdir. Allah da buyurub ki, həyat verin. Bu gün həm Aşura, həm də mənə görə bütün şəhidləri yad etmək günüdür. Allah şəhidlərimizə rəhmət eləsin”.
Mədinə Zaur \ Metbuat.az