Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
19:58 19 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Dövlət Miqrasiya Xidmətində (DMX) 20 Yanvar faciəsinin miqyasını, dəhşətlərini əks etdirən foto və kitab sərgisi təşkil edilib.
DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, quruma müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdə faciə barədə aydın və obyektiv təsəvvür yaratmaq məqsədini daşıyan sərgi ziyarətçilərin marağına səbəb olub.
Anım mərasimində Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi sükutla yad edilib.
Xidmətin rəisinin müavini Pərviz Musayev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən danışıb. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandakı tarixi ata-baba yurdlarından 250 min soydaşımızın deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, məkrli əməllərinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq Azərbaycan xalqı ayağa qalxmışdı. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq məqsədilə imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib, əliyalın əhaliyə divan tutulub, 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb.
P.Musayev qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında özünəməxsus cəsarət və qətiyyətli çıxışının tarixi əhəmiyyətindən danışılıb. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Sonra “Şəhidlər” kitabının müəllifi, əməkdar jurnalist, yazıçı-dramaturq Rafiq Səməndər 20 Yanvar hadisələri barədə xatirələrini bölüşüb.
Tədbir “Tarixin qan yaddaşı” sənədli filminin nümayişi ilə başa çatıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmetinde_20_Yanvar_faciesinin_25_ci_ildonumu_ile_bagli_anim_merasimi_kechirilib-825903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR