20 Yanvar xalqımızın qan yaddaşına əbədi həkk olunub

20:18 19 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs edib.
Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd edib.
Bildirilib ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın mübarizə əzmini qıra bilməyib. Məhz bu əzmin, iradənin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşub. N.Vəlixanlı həmin vaxt ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə kəskin etirazını bildirdiyini xatırladıb. 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyi diqqətə çatdırılıb.
Tədbirdə texnika elmləri üzrə fəlsəfə doktoru Əsəd Əsədzadə 20 Yanvar günü şahidi olduğu dəhşətli hadisələrdən danışıb. Xalqımızın tarixinə qara hərflərlə yazılmış qanlı 20 Yanvar hadisələrindən söhbət açan natiq bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildirib.
Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov artıq 25 ildir ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Natiq sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açıb.
Sonda 1990-cı ilin yanvar hadisələrini əks etdirən film nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_qan_yaddasina_ebedi_hekk_olunub-825909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR