Rusiya donanması Avropadakı hədəfləri vurmaq üçün nüvə başlıqlı raketləri hazır vəziyyətə gətirib.
Metbuat.az bildirir ki, bu barədə “Financial Times” sərəncamında olan məxfi sənədlərə istinadən yazır. Məlumata görə, Rusiya donanması NATO ilə potensial münaqişə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə nüvə başlıqları ilə raketlər atmaq üçün təlim keçib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də hərbçilər NATO zabitlərinə ehtimal olunan hədəflərin xəritələrini təqdim ediblər. Sənədlər Rusiyanın Qərblə münaqişəni necə təsəvvür etdiyini və Qərbi Avropaya qarşı silsilə zərbələr planlaşdırdığını göstərir. 2008-2014-cü illər arasında tərtib edilmiş bu məxfi sənədlər həm adi döyüş başlıqlarını, həm də taktiki nüvə silahlarını daşıya bilən raketlər üçün hədəflərin siyahısını ehtiva edir.
Rusiya nüvə silahlarını yerüstü gəmilərdə yerləşdirmək imkanını saxlayıb. Ekspertlərin fikrincə bu, eskalasiya və ya qəzalar üçün əhəmiyyətli əlavə risklər yaradır.
Bundan əlavə, sənədlərdə qeyd olunur ki, donanmanın yüksək manevr qabiliyyəti ona müxtəlif istiqamətlərdən qəfil və qabaqlayıcı zərbələr və kütləvi raket zərbələri endirməyə imkan verir. Sənədlərdə deyilir ki, nüvə silahları Rusiyanın məqsədlərinə çatmaq üçün digər silahlarla birlikdə istifadə olunmaq üçün nəzərdə tutulub.
Qeyd edilir ki, bu sənədlər Qərb mənbələri tərəfindən verilib. Nəşr qeyd edir ki, xəritələr operativ istifadə üçün deyil, təqdimat məqsədi ilə tərtib edilib.