Çobanyastığının saymaqla bitməyən faydaları - SİYAHI

Çobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır.

Çobanyastığı çox güclü antiseptik, mikrob- və virusəleyhinə xüsusiyyətlərə malikdir.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir.

Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.

Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.

Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir.

Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir.

Çobanyastığı bütün mədə-bağırsaq sisteminə çox yaxşı təsir edir. Belə ki, çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə (lyambliya, askarid qurdu) uğurla mübarizə aparır, qarında köp,sancılar, ishal zamanı yaxşı kömək edir, öd qovucu təsirinə malikdir, iştahanı artırır, mədə şirələrin ifrazını stimullaşdırır.

Qastrit, kolit, mədə və 12-barmaq bağırsağı xorası xəstəlikləri zamanı çobanyastığı dəmləmələri çox effektlidir.

Çobanyastığı insanın sinir sisteminə də çox yaxşı sakitləşdirici təsir edir. Bu səbəbdən çobanyastığı uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş bir çox sakitləşdirici preparatların tərkibinə daxildir.

Gecə yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayına (1 stəkan qaynar su + 1 çay qaşığı çobanyastığı) 1 çay qaşığı bal əlavə edib için.

Bu vasitə yaxşı sakitləşdirici təsir edir və yuxusuzluqla mübarizə çox yaxşı köməkçidir.

Bundan əlavə belə çay yüksək qızdırmanın salınmasına kömək edir.

Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı ginekologiyada iltihabəleyhinə vasitə kimi geniş istifadə olunur.

Çobanyastığı dəmləməsi sidik kisəsi və sidik yolları iltihabları zamanı yaxşı kömək edir.

Bir çox dəri iltihabları və xəstəlikləri zamanı çobanyastığı vannaları və islatmaları istifadə olunur.

Çobanyastığı ilə olan ayaq vannaları ayaqların güclü tərlənməsi ilə mübarizədə sınanmış vasitədir.

Çobanyastığı kosmetologiyada da geniş istifadə olunur. Çobanyastığı dəmləməsi üz dərisini təmizləyir, iltihabla mübarizə aparır, saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.

Bütün bu faydalı xüsusiyyərlə yanaşı, çobanyastığı allergik xüsusiyyətlərinə malikdir.

Bu səbəbdən allergiyaya meyilli olan insanlar bu otdan çox ehtiyatlı istifadə etməlidir.

Hər halda bu və ya digər xalq təbabəti vasitələri tətbiq etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı