Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər

Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər
20:38 19 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə və qəhrəmanlıq salnaməsinə çevrilmiş 20 Yanvar faciəsindən 25 il ötür.
Bəşəriyyətə və insanlığa sığmayan ən ağır cinayətlərdən biri kimi tarixə əbədi həkk olunmuş bu faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu hadisələrin ildönümü ilə əlaqədar ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları üstünə tər çiçəklər düzüblər.
Nazirlikdə və struktur qurumlarda keçirilmiş anma mərasimlərində əvvəlcə faciə qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra 1990-cı ilin 20 Yanvarında baş vermiş hadisələrə bir daha nəzər salınaraq, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın milli birliyindən və məğrurluğundan bəhs olunub.
Bildirilib ki, o müdhiş gecədə cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı açıq düşmənçilik siyasətinə, bundan istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qəti etirazını bildirən dinc əhaliyə sovet hərb maşını tərəfindən amansız divan tutulub, yüzlərlə günahsız insan qətlə yetirilib. Bu qanlı qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa istəyinə - müstəqilliyinə qovuşub.
Yığıncaqlarda ümummilli lider Heydər Əliyevin o zaman çox ağır bir şəraitdə çəkinmədən ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkar şəkildə nümayiş etdirməsi xüsusilə vurğulanıb. Diqqətə çatdırılıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət məhz Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
Çıxışlarda milli azadlıq mübarizəmizin ilk qurbanlarının əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı qeyd edilib, 20 Yanvar faciəsini törədənlərə dərin nifrət və cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.
Nazirlikdə 20 Yanvar hadisələri ilə bağlı sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanıb. Qurumun internet saytında ayrıca bölmə yaradılıb, eyni zamanda, kinozalda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adliyye_ischileri_sehidlerimizin_xatiresini_ehtiramla_yad_edibler-825919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR