Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir
20:53 19 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və 20 Yanvar hadisələrini əks etdirən filmin nümayişindən sonra "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nda əksini tapan tədbirlərdən bəhs edərək bildirib ki, faciələrimizi unutmamalı, onların əsil mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq. Dahi şəxsiyyət Heydər Əliyevin "Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir. Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də, təntənəli səhifələri də, faciəli səhifələri də var” sözləri xatırladılıb.
Bildirilib ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha dolğun şəkildə dərk olunur, düzgün təhlil fonunda ictimaiyyətə çatdırılır.
F.İsmayılov bildirib ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğurunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsil sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzusu olub.
“Yeni Azərbaycan” Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd edib ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi.
Vurğulandı ki, amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi. Əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etməsi bunun təsdiqidir.
F.İsmayılov ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs etdi. Bildirdi ki, Azərbaycan 1993-cü ildən bəri inkişaf yolunda inamla irəliləyir. Son on ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, əbədi edir.
Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəri, professor Rasim Nəbiyev çıxışında bildirib ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onların milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş ittifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
V.Rəhimzadə bildirib ki, hadisələrin səhəri günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın süverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciələri pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı. Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi.
V.Rəhimzadə bildirdi ki, tariximizin hər bir səhifəsini öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq. Tariximizi bilməsək, gələcəyimiz barədə düzgün dəyərləndirmə apara bilmərik. Azərbaycan 23 ildən artıq dövr ərzində böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət ölkəmizin qarşısında yeni-yeni üfüqlər açır. Bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi uğurları, qlobal enerji layihələri ilə tanınan qüdrətli ölkədir. Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi ölkəmizə marağı daha da artırır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan ən yüksək zirvələri fəth edir. Son on bir ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində uğurlarımızın davamlılığı təmin edilmiş, yeni-yeni hədəflər müəyyənləşdirilərək, onlara çatmaq üçün ciddi səylər göstərilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir.
V. Rəhimzadə vurğulayıb ki, Azərbaycanın uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına böyük inam yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, hər ay, hər gün bizi qələbəyə yaxınlaşdırır. Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil.
Tədbirdə çıxış edən "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktor müavini Ağaşirin Quliyev və İnstitutun şöbə rəisi Nizami Şəmsəddinov 20 Yanvar hadisələrinin başvermə səbəbindən geniş bəhs etdilər. Vurğulanıb ki, imperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimizin_qan_yaddasinda_ebedi_yasayacaq_20_Yanvar_sehidleri_olmezdir-825928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR