"İkinci dərəcəli" fənlərə niyə ciddi yanaşılmır? - AÇIQLAMA

Dünyanın bir çox inkişaf etmiş ölkələrində musiqi, təsviri incəsənət, texnologiya kimi fənnlərə xüsusi önəm verilir. Çünki bu sahələr uşaqların inkişafında böyük rola malikdir. Ölkəmizdə isə bu kimi fənnlər ikinci dərəcəli hesab olunur və tədrisinə bir o qədər də ciddi yanaşılmır.

Mövzu ilə bağlı Metbuat.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, musiqi, təsviri incəsənət, texnologiya kimi fənnlər uşaqlarda estetik tərbiyənin formalaşmasında mühüm rol oynayır:

"15 yaşa qədər olan icbari təhsil dövründə bu fənnlər keçirilməlidir. Amma ibtidai sinif müəllimləri işə qəbul edilərkən və ya sertifikasiya zamanı onların musiqi, təsviri incəsənət bacarıqları yoxlanılmır, ancaq riyaziyyat və Azərbaycan dili yoxlanılır. Buna görə də çox təəssüflər olsun ki, müəllimlər bunlara ikinci dərəcəli fənn kimi baxırlar. Hətta valideynlər də müəllimlərdən xahiş edirlər ki, uşağıma təsviri incəsənət, musiqi keçməyin, əvəzində riyaziyyat, Azərbaycan dili keçin. Bu, çox mənfi haldır. Ona görə məktəb direktorları bu fənnlərin tədrisinə daha çox üstünlük verməlidirlər".

Onun sözlərinə görə, məktəblərdə təsviri incəsənət otaqlarının, musiqi alətlərinin olması vacibdir.

"Təsviri incəsənət uşaqlarda zəkanın inkişafına birbaşa təsir göstərən əsas fənnlərdən biridir. Bu fənnlərin lazımsız olduğu fikri yanlışdır və bu fikirdə olanlar pedaqogikadan anlayışı olmayan şəxslərdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı