Astanada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi

Astanada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi
21:08 19 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Astana 19 yanvar, AzərTAc 
Azərbaycanın Qazaxıstandakı səfirliyi və Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının birgə təşkilatçılığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilib.
Qazaxıstan Milli Arxiv İdarəsində keçirilən tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diasporumuzun fəalları iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayə oxunub.
Mərasimdə çıxış edən səfirliyin müşaviri Şahin Əhmədov xalqımızın mübarizə tarixində ən qanlı səhifələrdən olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs edib. O, 20 Yanvar faciəsini törədənlərin, bu qanlı cinayətin baş verməsində günahkar olanların cəzalandırılmamasının, hadisəyə beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsinin təəssüf doğurduğunu bildirib.
Ş.Əhmədov Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını bildirib və bu faciənin günahkarlarının cəzalandırılacağına əmin olduğunu söyləyib.
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğunu vurğulayıb.
“Nur-Otan” partiyasının üzvü, akademik Kazbek Kazkenov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu bildirib.
Qazaxıstanın birinci Prezidentinin muzeyinin direktoru Alma Sığınqalı Azərbaycan xalqının bu ağrılı günlərdən mərdliklə çıxdığını söyləyib.
Tədbirdə çıxış edənlər deyiblər ki, keçmiş sovet dövlətinin hərbiçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbir zamanı 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən sənədli fotolar və film nümayiş olunub.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Astana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astanada_20_Yanvar_faciesinin_25_ci_ildonumu_ile_elaqedar_anma_merasimi-825939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR