Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib

21:08 19 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bolqarıstan, Çexiya, Belçika və Finlandiyada bir sıra görüşlər keçirərək növbəti Foruma hazırlıqlara dair müzakirələr aparıb.
R. Muradov Bolqarıstanda sabiq Prezident Petar Stoyanov, Çexiyada keçmiş Prezident Vaslav Klaus, sabiq Baş nazir Jan Fişer, Belçikada Beynəlxalq Qadın Parlamentarilər Təşkilatının, ekspertlər qrupunun nümayəndələri, Finlandiyada isə sabiq Prezident Tarya Halonen, BMT baş katibinin xüsusi müşaviri Elizabet Rehn, Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistana akkreditə olunmuş səyyar səfiri Krister Miçelsson ilə görüşlər keçirib.
Görüşlərdə Qlobal Müştərək Cəmiyyətlər Forumunun getdikcə artan əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Forum bəşəriyyəti narahat edən problemlərin müzakirəsi üçün önəmli beynəlxalq platformaya çevrilib. Dünyanın tanınmış liderləri bu dəfə “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunu müzakirə edəcək, yaranmış problemlərdən çıxış yollarını axtaracaqlar. Forumda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçıları ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin də iştirakı gözlənilir.
Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qlobal_Musterek_Cemiyyetler_Forumuna_hazirliqla_bagli_gorusler_intensivlesib-825938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR