Şəhidlər ölmürlər, onlar yaddaşlarda əbədi yaşayırlar

Şəhidlər ölmürlər, onlar yaddaşlarda əbədi yaşayırlar
21:33 19 Yanvar 2015
222 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunan mərasim keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədli, səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, bu ölkədə fəaliyyət göstərən ali məktəblərin müəllimləri, tələbələr, Bakıdan, Tbilisidən gələn ziyalılar, QHT nümayəndələri, Borçalıdan olan şəhidlərin yaxınları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə qanlı Yanvar hadisələrinə həsr olunmuş fotoşəkillərə baxıblar.
Sonra Gürcüstanın və Azərbaycanın müstəqillikləri uğrunda həlak olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMM-in sədri Fazil Həsənov bildirib ki, mərkəzdə gürcü və Azərbaycan dillərində 20 Yanvar faciəsinə aid kitabların, foto və video materialların sərgisi açılıb, sənədli filmlər nümayiş olunub. İctimaiyyət nümayəndələri, xüsusən gənclər mərkəzə gələrək şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirirlər.
Deputat Mahir Dərziyev, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları çıxış edərək bildiriblər ki, Borçalının Faxralı, Kirəc Muğanlı, Qızılhacılı, Lecbəddin kəndlərindən, eləcə də Rustavi şəhərindən qanlı Yanvar hadisələrində və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində şəhid olan qəhrəmanlarımız var. Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcülər də bu günü öz faciələri kimi qeyd edirlər.
Vurğulanıb ki, 20 Yanvar hadisələri gələcək nəsillərə təkcə faciə kimi deyil, eyni zamanda, xalqımızın milli qəhrəmanlıq günü kimi çatdırılmalıdır.
Sonda "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş olunub. Bu filmin gürcü dilinə tərcümə olunması və Gürcüstan televiziyalarında nümayiş etdirilməsi təklifi irəli sürülüb.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_olmurler_onlar_yaddaslarda_ebedi_yasayirlar-825952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR