Dünya iqlim dəyişmələrinin yaratdığı təhdidlərlə mübarizədə birləşir. Bu istiqamətdə mühüm addım olan COP29 konfransına Azərbaycanın ev sahibliyi etməsi həm ekoloji təşəbbüslərdə liderlik iddiasını, həm də ölkəmizin beynəlxalq arenadakı artan rolunu bir daha nümayiş etdirdi. Tədbir çərçivəsində yaşıl enerji, beynəlxalq əməkdaşlıq və davamlı inkişaf istiqamətində təqdim olunan təşəbbüslər Azərbaycanın gələcəyə baxışını və qlobal problemlərin həllindəki qətiyyətini bir daha təsdiqlədi.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə BMT-nin təşəbbüsü ilə keçirilən COP29 konfransının təşkil edilməsi Azərbaycanın beynəlxalq müsbət imicini daha da gücləndirir:
“Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi ilə tanınır və bu tədbirlər hər zaman müsbət nəticələrlə yadda qalır. COP29 konfransı isə bu gün bəşəriyyəti ciddi narahat edən iqlim dəyişmələri ilə mübarizə məsələsinə həsr olunub. Bu, bütün dünya ölkələrinin qarşısında duran ortaq bir çağırışdır. Hər bir dövlət öz məsuliyyətini dərk etməli və bu istiqamətdə töhfələr verməlidir.
Azərbaycan artıq qlobal iqlim dəyişmələri ilə mübarizədə öz mövqeyini təsdiqləmiş bir ölkədir. Xüsusilə, yaşıl enerji sahəsində mühüm iradə və təşəbbüslər nümayiş etdirilir. Artıq ilkin yaşıl enerji mənbələri yaradılıb və bu istiqamətdə ölkəmizin gələcəkdə dünya enerji bazarına təsirini artıracaq addımlar atılır".
Elşad Mirbəşiroğlu vurğulayıb ki, bu konfrans ölkənin beynəlxalq ictimaiyyətə təqdimatı baxımdan xüsusi əhəmiyyət daşımaqla bərabər, Azərbaycanla bağlı qlobal təsəvvürlərin daha da genişlənməsinə töhfə verəcəkdir:
“Azərbaycana gələn yüksək səviyyəli qonaqlar – dövlət başçıları, rəsmi şəxslər və tanınmış simalar ölkəmizlə yaxından tanış olmaq imkanı əldə etdilər. COP29 çərçivəsində mühüm razılaşmalar əldə olundu. Xüsusən Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ixracı ilə bağlı razılaşma mühim əhəmiyyət kəsb edir. Bu, həm region ölkələrinin enerji əməkdaşlığını gücləndirir, həm də Azərbaycanın dünya enerji bazarına çıxışlarını diversifikasiya edir. Artıq Qara dənizin dibi ilə yaşıl enerji ixracı ilə bağlı razılaşma mövcud idi. İndi isə Xəzər dənizi vasitəsilə ixracın həyata keçirilməsi planlaşdırılır. Bu, Azərbaycanın enerji bazarlarında rolunun və təsirinin daha da artmasına şərait yaradacaqdır”.
Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların COP29 çərçivəsində açıqlamalarına toxunan politoloq əlavə edib ki, Avropa İttifaqı da daxil olmaqla bir çox ölkə liderləri iqlim dəyişmələri ilə mübarizə üçün vəsait ayrılacağını bəyan ediblər:
“Bu, Azərbaycanın yaşıl enerji sahəsini inkişaf etdirmək üçün beynəlxalq dəstək imkanlarından faydalanmasına zəmin yaradır. COP29 konfransı, sözsüz ki, Azərbaycanın gələcəkdə daha təsirli addımlar atması üçün unikal imkanlar yaratdı. Əminliklə qeyd edə bilərim ki, ölkəmizin bu konfransa sədrliyi dövründə də mühüm töhfələr verəcək”.
COP 29 Azərbaycanın regional gücdən beynəlxalq aktora çevrilməsi yolunda böyük addım olmaqda davam edir. Bu məqamda ölkəmizin davamlı uğurları və artan gücü bir çox xarici qüvvələri çox ciddi şəkildə narahat edir. Həmin qüvvələr artıq xeyli vaxtdır ki, Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb.
Millət vəkili Arzu Nağıyev Metbuat.az-a verdiyi açıqlamada COP29 konfransının əhəmiyyəti və tədbirlə bağlı müxtəlif ölkələrin mövqeyindən danışıb. Onun sözlərinə görə, bəzi dövlətlər öz maraqları çərçivəsində tədbirin keçirilməsinə mane olmağa çalışsa da, bu cəhdlər uğursuz oldu:
“Bəzi dairələr insan haqları və “siyasi məhbus” kimi bəhanələrlə tədbirin əhəmiyyətini azaltmağa çalışsalar da, bu cəhdlər boşa çıxdı. Tədbirin açılış mərasimində çıxış edən rəhbər şəxslər, o cümlədən Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş də Azərbaycanın bu proseslərdə öndə gedən dövlətlərdən biri olduğunu vurğuladılar. Tədbirin əsas məqsədi dünyada havanın temperaturunun azaldılmasına yönəlmiş ciddi dəyişikliklər əldə etməkdir və Azərbaycan bu məsələyə dəstək verməkdə maraqlıdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın neft və qaz ölkəsi kimi COP29-a ev sahibliyi etməsini sual altına qoymağa çalışanlar bu tədbirin əvvəlki illərdə də böyük enerji istehsalçıları olan Polşa və digər ölkələrdə keçirildiyini unudurlar:
“Tədbirə mane olmaq istəyənlərin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycanın həm daxildə, həm də xaricdə apardığı müstəqil siyasət bir daha sübut etdi ki, biz alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməyə qadirik. Azərbaycan təbiətin bizə bəxş etdiyi su və külək enerjisindən səmərəli şəkildə istifadə edir və bu sahədə müsbət addımlar atmaqdadır”.
Arzu Nağıyev Ermənistan və bəzi digər dövlətlərin konfransa qatılmamasını Azərbaycanın maraqları baxımından əhəmiyyətsiz hesab edir:
“Ermənistan və ona uyğun bəzi dövlətlərin tədbirdə iştirak etməməsi bizim üçün problem deyil. Vacib olan odur ki, BMT-nin ən yüksək səviyyəli tədbiri məhz Azərbaycanda baş tutdu. Təəssüf ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər tədbirdən kənarda qaldılar. Əksinə, Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyinə töhfə verən bir ölkə kimi tanıyır və artıq bu istiqamətdə müqavilələr də imzalanıb”.
Millət vəkilinin fikrincə, COP29 konfransı qlobal problemlərin həllinə və maliyyələşmənin artırılmasına mühüm töhfə verəcək:
“Konfransın nəticələrinə uyğun olaraq dünyanı və bəşəriyyəti narahat edən məsələlər istiqamətində ciddi addımlar atılacaq. Ən mühüm məsələlərdən biri isə maliyyələşmə olacaq. Azərbaycan bu proseslərdə mühüm rol oynamağa davam edəcək”.
Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a verdiyi açıqlamada COP29 konfransının Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb:
“Konfransın kimlərin dəvət edilməsi və hansı məsələlərin müzakirə edilməsi kimi detallar BMT tərəfindən müəyyən edilir. Bununla belə, tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsidir. Konfranslar növbəli şəkildə deyil, ev sahibliyi üçün səs çoxluğu əsasında seçilir. Buna görə də indiyə qədər Almaniyada beş dəfə belə bir tədbir təşkil olunub. Azərbaycan isə bu konfransa ev sahibliyi edən yeganə postsovet ölkəsidir”.
Millət vəkili konfransın dünya miqyasında əhəmiyyətindən bəhs edərək bildirib ki, dünyanın ən vacib beynəlxalq tədbirlərindən biri hesab olunan COP29-da kiçik xalqların öz mədəniyyətlərini təqdim etmələrinə də xüsusi diqqət yetirilir:
“Bu, qlobal əməkdaşlıq və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir. Azərbaycan bu müzakirələrdə yaxından iştirak edir. Tədbir çərçivəsində xarici şirkətlər ilə Azərbaycanın nazirlikləri və müəssisələri arasında bir sıra vacib layihələr üzrə razılıqlar əldə olunub. Bu da ölkəmizin gələcək iqtisadi inkişafına müsbət təsir edəcək.
Tədbir zamanı iştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti və milli mentaliteti ilə yaxından tanış oldular. Bu tanışlıq gələcəkdə Azərbaycan ilə digər ölkələr arasında mədəni və iqtisadi əlaqələrin inkişafı üçün bir körpü rolunu oynayacaq. Konfrans sayəsində dünya Azərbaycanı daha yaxından tanıdı".
COP29 Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi. Azərbaycan üçün tarixi bir hadisə olan bu konfransın ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil edilməsi beynəlxalq ictimaiyyət qarşısında potensialımızı bir daha sübut etdi”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanmışdır.