Müxalifətin pas atmış seçki ənənələri...

Müxalifətin pas atmış seçki ənənələri...
22:12 19 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda parlament seçkilərinin keçirilməsi vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində ənənəvi proseslərin başlanması müşahidə olunur. Belə ki, bir müddətdir gözə dəyməyən müxalifət partiyaları yenidən fəallaşaraq canfəşanlıqla parlament seçkilərinə hazırlıqlara başlayıblar. Həmişəki kimi, bu dəfə də köhnə metodlarını işə salmaqla seçkilərə birgə və ya blok şəklində getmək barədə bəyanatlar səsləndirirlər və hətta bir sıra partiyalar bu istiqamətdə görüşlərə də başlayıblar.

İlk baxışdan deyə bilərsiniz ki, burada qeyri-adi nə var? Siyasi partiyaların seçkiqabağı fəaliyyəti elə belə də olmalıdır. Ancaq məsələ burasındadır ki, biz müxalfət düşərgəsində yalnız seçkidən-seçkiyə canlanma müşahidə edirik və hər dəfə də eyni qaydada. Seçkidən əvvəl hər blokda 2-3 partiya olmaqla bir neçə blok yaradırlar, seçkidən sonra isə başlayırlar bir-birilərini uğursuzluqda günahlandırmağa...

Ancaq bu dəfə proses bir az fərqli başladı. Belə ki, müxalifət partiyaları hətta birləşmədən əvvəl ayrılmağa başladılar. İlk xəbər isə 11 müxalifyönlü partiyanın təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən gəldi. Mərkəzdə təmsil olunan partiya rəhbərlərinin bəziləri seçkilərə hətta mərkəzdən daha geniş formatda getmək barədə fikirlər səsləndirsələr də, digər partiya rəhbərləri bunun əksini bildirdi və mərkəzdə təmsil olunan partiyalar arasında fikirayrılığının, ideoloji fərqliliyin olduğunu deyərək seçkilərə birgə getməyin mümkünsüz olduğunu bəyan etdilər.

Növbəti canlanma isə zaman-zaman birləşən və ayrılan Müsavat Partiyası ilə AXCP arasında baş verdi. Son prezident seçkilərindən bəri küsülü olan iki partiya rəhbərləri arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə görüş keçirildi. Lakin görüşün keçirilməsindən az müddət keçməmiş AXCP təmsilçiləri bu görüşün elə görüşdən uzağa gedəcək bir şey olmadığını bəyan etdilər və açıq şəkildə Müsavat ilə AXCP arasında əməkdaşlığın baş tutmayacağını bildirdilər.

Bunlar hələ ilkin proseslərdir. İrəlidə, yəni parlanment seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarının daha böyük qalmaqallarının şahidi olacağıq.

Bütün bunların kökü onda dayanır ki, bu gün Azərbaycanın müxalifət partiyaları öz müxalifətçilik funksiyalarını lazımi şəkildə yerinə yetirə bilmirlər. Ümumiyyətlə, nəzəri baxımdan bütün dünyada müxalifətçiliyin əsas mahiyyəti mövcud hökumətin yürütdüyü siyasətə alternativ və daha səmərəli siyasət, daha səmərəli idarəçilik konsepsiyası ortaya qoymaqdır.

Gəlin görək, Azərbaycanın müxalifət partiyaları bu funksiyanı yerinə yetirə bilirmi? Əlbəttə ki, yox. Bu gün sosial bazası olmayan, əksəriyyəti beş nəfər adam və bir qovluqdan ibarət olan müxalifət partiyalarının heç birinin nə alternativ siyasəti, nə də idarəçilik konsepsiyası var, daha doğrusu, bunu etməyi bacarmırlar. Belə olan halda isə daha çox qalmaqallarla, bir-birilərini ittiham etməklə gündəmə gəlirlər. Bax budur bizim müxalifət. 20 ildən çoxdur ki, bir-birilərini ittiham etməkdən başları açılmır ki, bir siyasətlə də məşğul ola bilsinlər.

Elçin Mehdiyev,
Trend - Azərbaycan xəbərlər xidməti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR