İrəvan öhdəliklərdən yayınır: Bakının mövqeyi necə olacaq? – TƏHLİL

Son zamanlarda Ermənistanda revanşist yanaşmaların geniş vüsət aldığı müşahidə edilir. Fransanın dəstəyi ilə həyata keçirilən silahlanma və müharibəyə hazırlıq planları yalnız Ermənistanın deyil, Qərbin də strateji maraqlarını güdür. Bu dəstək isə regionda yeni münaqişələrin meydana çıxması və sülh prosesinin pozulması riskini artırır.

Analitiklər vurğulayırlar ki, Paşinyan hökuməti üzərində artan təzyiqin əsas mənbəyi daxili nüfuzunun sürətlə zəifləməsidir. Bunun nəticəsində hökumət beynəlxalq dəstək axtarışına daha çox yönəlir və Ermənistanı siyasi-iqtisadi çətinliklər girdabına sürükləyir.

Mətbuat.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Ermənistan bütün münaqişə dövrü ərzində beynəlxalq tələblərə, sənədlərə və beynəlxalq təşkilatların çağırışlarına əhəmiyyət verməyib:


“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və BMT Baş Assambleyasının bir ciddi qətnaməsi olmasına baxmayaraq, Ermənistan bunların heç birini yerinə yetirməyib. Bunun əsas səbəbi həmin təşkilatların Ermənistanın beynəlxalq hüququ pozmasına göz yummasıdır. Ermənistan xristian dövləti kimi regionda dəstəklənib və Azərbaycana, eləcə də Türkiyəyə qarşı vasitə kimi istifadə edilib. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öz öhdəliklərini yerinə yetirib və BMT qətnamələrini həyata keçirərək ərazi bütövlüyünü bərpa edib. Lakin bu gün də Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir”.

Hazırkı vəziyyətə toxunan Akif Nağı bildirib ki, Ermənistanın əsas məqsədi yenidən nəyəsə nail olmaq olsa da, lakin buna gücü çatmır. Bununla belə, beynəlxalq təşkilatlardan və böyük dövlətlərdən dəstək gözləyərək beynəlxalq hüququ pozmağa davam edir. Ermənistanın bu fəaliyyətlərinə Beynəlxalq birliyin göz yumduğunu xatırladan siyasi şərhçi bildirib ki, bu məsələdə Azərbaycanın prinsipial mövqeyi aydındır:

“Ermənistanın bu cür davranışları diqqətlə izlənilir və beynəlxalq tribunalarda gündəmə gətirilir. Ancaq heç bir halda arxayınlaşmaq olmaz. Əgər Ermənistan təxribat törədərsə, Azərbaycan onun cavabını layiqincə verməli və təxribatın qarşısını qətiyyətlə almalıdır. Azərbaycan elə addımlar atmalıdır ki, Ermənistanın gələcəkdə təxribat törətmək imkanı olmasın. Bu, yalnız hərbi güclə deyil, həm də strateji yüksəkliklərin və əhəmiyyətli mövqelərin nəzarətə alınması ilə təmin edilməlidir".

Qərbi Zəngəzur məsələsinə toxunan Akif Nağı qeyd edib ki, Azərbaycanın bu ərazilərlə bağlı mövqeyindədə haqlıdır:

“100 il əvvəl bu torpaqlar qanunsuz şəkildə Moskva tərəfindən Ermənistana verilib. Azərbaycan sülh tərəfdarıdır, lakin əgər həmin ərazilərdən ölkəmizə qarşı təhlükə mənbəyi kimi istifadə edilərsə, təhlükəsizlik zolağı yaradılaraq nəzarət təmin edilməlidir. Azərbaycan beynəlxalq səviyyədə öz mövqeyini gücləndirmək üçün hərbi, siyasi və informasiya təzyiqlərini artırmalıdır. Hadisələrin düzgün istiqamətdə davam etməsi üçün Azərbaycanın təqdim etdiyi plana uyğun addımlar atılmalıdır".

“Cross Media” Təhlil Mərkəzinin analitiki və siyasi şərhçi Mübariz Göyüşlü də düşünür ki, Ermənistan öhdəliklərdən yayınır. Siyasi şərhçi Metbuat.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycan 2020-ci ildə üçtərəfli bəyanatı imzaladığı gündən etibarən üzərinə götürdüyü öhdəlikləri davamlı olaraq pozan Ermənistanın bu davranışlarına yaxşı bələddir:


“İstər sıravi erməni, istərsə də vəzifəli şəxs olsun, onlar nə verdikləri sözə, nə də atdıqları imzaya əməl edirlər. Üçtərəfli bəyanat imzalanarkən belə problemlərin baş verəcəyini Azərbaycan əvvəlcədən təxmin etmişdi. Buna görə də hər bir situasiya üçün dəqiq planlar hazırlanıb və atılacaq addımlar bəllidir. Dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan bəyanatda nəzərdə tutulan öhdəliklərini, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbləri yerinə yetirməkdən boyun qaçırır. Eyni zamanda, Ermənistanın Konstitusiyasında təsbit edilən müstəqillik haqqında bəyannamədə Azərbaycana və Qarabağa qarşı ərazi iddiaları hələ də mövcuddur. Ermənistan indi sülh sazişi imzalamaqdan bəhs edir və bildirir ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və olmayacaq. Amma bu bəyanatlar kifayət deyil, çünki Ermənistan keçmişdə dəfələrlə verdiyi sözləri və hətta imzaladığı sənədləri belə pozub”.

Mübariz Göyüşlü xatırladıb ki, Paşinyan hazırda imzalanan sazişə əməl edəcəyinə dair vədlər verir, amma gələcəkdə hakimiyyətə gələcək radikal qüvvələr bu sənədi etibarsız elan edə bilər. Ermənistan Konstitusiyasında olan müddəalar Azərbaycana qarşı yeni iddialar üçün əsas kimi istifadə edilə bilər. Məhz buna görə Azərbaycanın bu məsələdəki mövqeyi tamamilə haqlı və prinsipialdır.

Siyasi analitik Azərbaycanın beynəlxalq təcrübəsinə də toxunaraq bildirib ki, Qoşulmama Hərəkatına rəhbərlik etmiş, BMT-nin mötəbər tədbirlərinə ev sahibliyi etmiş bir ölkə kimi Azərbaycan qlobal diplomatiyada güclü mövqeyə malikdir. Bu təcrübə Ermənistanın məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə daha təsirli şəkildə çatdırmaq üçün ciddi imkanlar yaradır.

Mübariz Göyüşlü qeyd edib ki, Ermənistanın hazırkı davranışları qəbuledilməzdir:

“Lakin Azərbaycan siyasi, diplomatik və informasiya sahələrində təzyiqlərini davam etdirməli və artırmalıdır. Bu istiqamətdə qətiyyətli siyasət yürüdərək, Ermənistanı sülh yoluna gətirmək mümkündür. Azərbaycanın təqdim etdiyi plan təkcə ədalətli deyil, həm də regionun gələcək sülh və sabitliyini təmin edəcək yeganə yoldur".

Bu məsələdə Azərbaycanın mövqeyi qəti və aydın olduğunu xüsusilə vurğulayan millət vəkili Aydın Mirzəzadənin fikirlərinə görə, Ermənistanla normal qonşuluq münasibətlərinin qurulması üçün onun Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı iddia olmamalıdır:


“Ermənistanın nə deməsindən asılı olmayaraq, onun əsas qanununda - Müstəqillik Aktına istinad edilir. Bu Aktda isə o vaxtkı Ermənistan parlamentinin Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərarı yer alır. Azərbaycan bu məsələnin danışıqlarda bir tələb kimi irəli sürülməsində israrlıdır".

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır və onun ərazi bütövlüyünə hörmətlə yanaşır. Lakin Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş bu müddəanın Ermənistan Konstitusiyasında qalmasına icazə vermək mümkün deyil:

“Zahiri düzgün görünən Ermənistanın bəyanatlarına baxmayaraq, əgər bu müddəa Konstitusiyadan çıxarılmazsa və ya bu öhdəlik rəsmən götürülməzsə, gələcəkdə, hətta bir neçə onillik sonra hakimiyyətə gələn qüvvələr həmin müddəadan Azərbaycana qarşı istifadə edə bilərlər. Azərbaycan gələcək nəsillər üçün təhlükə yaradan belə bir vəziyyətin qarşısını indidən almaqda israrlıdır və öz mövqeyindən geri çəkilməyəcək. Bu tələb Azərbaycanın sülh və təhlükəsizliyini təmin etmək üçün prinsipial və dəyişməz mövqedir”, - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanmışdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR