Xəbər verdiyimiz kimi, Suriya rejimi müxalif qrupların (Suriya Milli Ordusunun) hücumları qarşısında bəzi ərazilərdən geri çəkilməyə məcbur olub.
Əsəd rejimi geri çəkilərkən nəzarətindəki bir çox bölgəni PKK/YPG terror təşkilatına təhvil verib. Fəratın şərqindən Hələb bölgəsinə çoxlu sayda PKK/YPG-li gələrkən, bölgəyə təşkilata aid ağır silahlar daşınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyyet" nəşri məlumat yayıb.
Məlumata görə, fürsətdən istifadə edən PKK/YPG Fəratın qərbində terror dəhlizi yaratmaq üçün cəhdlərə başlasa da, Suriya Milli Ordusu (SMO) bu planları pozub. SMO-nun "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində Tel Rıfatı mühasirəyə alması PKK/YPG-ni çətin vəziyyətə salıb. Tel Rıfatın ətrafında intensiv döyüşlər gedir.
SMO-nun irəliləyişi ilə bölgədə PKK/YPG-yə aid silahlar və tunellər aşkar edilib. SMO həmçinin Kuveyris Hərbi Hava Limanını da nəzarət altına alıb.