Tarixi ancaq qaliblər yazır...

Tarixi ancaq qaliblər yazır...
23:21 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

... Alqış sədaları salonu bürüdü. İşıqlar yandıqda hər kəsin yanağında donub qalmış göz yaşı parıldayırdı. Təbii ki, bu, sevincin kədər üzərində qələbənin gətirdiyi, insanı şərəfləndirən, Vətənin basılmaz olduğunu göstərən alqış və göz yaşları idi. Hər kəs bir-birinin üzünə baxır, filmin təsirindən xəyallara dalmışdı. Bu xəyallar onları 25 il əvvələ - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilən müsibətlərə, bu ağrıları yaşaya-yaşaya məğrurluğunu itirməyən, sınmayan, əyilməyən, mübarizlik ruhunu qoruyan və başını daim dik tutan millətimizin qəhrəmanlıq və müstəqillik tarixinə aparırdı.

Bu, yanvarın 19-da Nizami Kino Mərkəzində ssenari müəllifi və rejissoru Vahid Mustafa Yevin çəkdiyi "Qanlı Yanvar" tammetrajlı bədii filminə ictimai baxışdan sonra nəzərdən qaçmayan məqam idi.

"Bakı Film" kinostudiyası tərəfindən, ANS Şirkətlər Qrupunun təqdim etdiyi, Azərbaycan Prezidenti və Çingiz Mustafayev Fondunun dəstəyi ilə çəkilən, kino tariximizə yeni daxil olan bu ekran əsərinə baxdıqda tanınmış fransız yazıçısı Jan de Labrujerin dediyi müdrik bir fikir yadıma düşdü: “Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kim bilmir ki, onun bu dincliyini nə poza bilər.” Doğrudan da, düşmənlər tərəfindən təlatüm, təşviş yaradılaraq Azərbaycan xalqının sındırılması planının nəticədə alt-üst olduğu, təlatümə salınan yox, təlatüm yaradan xalqın böyüklüyü, ucalığın məziyyətləri nümayiş olunan yeni filmdə təfsilatı ilə göstərilir.

Bəzən baş verən hadisələr zamanında bir o qədər dərk olunmur, amma zaman keçdikcə bunun mahiyyəti daha aydın sezilir, müstəqilliyimizin hansı əzab-əziyyətdən, ölüm-itimdən, faciələrdən keçdiyi üzə çıxır, bulanlıq su kimi durulur. Məhz bu aydınlığı, duruluğu daha geniş aydınlaşdıran, durulaşdıran, Qanlı Yanvarın əsl mahiyyətini üzə çıxaran, cəmiyyətin, xalqın öz keçmişinə baxış bucağını dəyişən, yaddaşlarımızın itməsinin qarşısını alan, milli ruhun nə demək olduğunu indiki və gələcək nəsillərə başa salan, qəflət yuxusunda yatanları oyatmağa çalışan, həmçinin yaxın keçmişinə biganə qalanların ayılaraq ötən illərə yenidən nəzər salmasının əhəmiyyətini öyrədən, XX əsrin doqquzuncu onilliyində Azərbaycanın müstəqillik yolunda başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə ən dolğun formada çatdıran, eləcə də 20 Yanvar faciəsinin əmrini verənlərə, əliyalın, silahsız insanlara atəş açanlara, günahsız şəxsləri qanına-qəltan edənlərə xəcalət təri tökdürən məhz "Qanlı Yanvar" bədii filmidir.

O dövrün canlı şahidləri kimi deyə bilərik ki, Sovet rejiminin can verdiyi dövrdə baş verən hadisələr qapalı idi, dünyada gedən prosesləri analiz etmək, beynəlxalq aləmə çıxış imkanları məhdud idi. Məhz bəzi mənfur dairələrin Azərbaycanda bu faciənin törədilməsində necə maraqlı olduqlarını bədii şəkildə əyani görmək, proseslərin şahidi olmaq, imperiyanın əməllərinə haqq qazandıranları lənətləmək üçün bu filmə ehtiyacımız var idi. Məhz bu faciənin mahiyyəti, nələrin niyə, nə üçün, necə, baş verdiyini bir daha görmək, bütün yanlış fikirlərə son qoymaq, təfəkkürləri dəyişmək, bu faciənin daha dolğun şəkildə izahını anlamaq və anlatmaq üçün bu filmə ehtiyac duyulurdu.

Tarixini, keçmişini bilməyənlər gələcəyin müəllimi ola bilmirlər. Ən yeni tariximiz üçün böyük rezonans doğuran bu ekran əsəri bu yolda yeni mərhələnin başlanğıcı sayılmalıdır. Çünki, həmin illərdə doğulan insanların indi 25 yaşları var. Onların bu hadisə barədə məlumatları təbii ki, olmamış deyil. Amma hadisələrin canlı, bədii formada izləmək üçün məhz bu filmə baxmaq lazımdır.

Bu yaxınlarda filmlə bağlı film müəllifinin bir fikrini oxudum. Həqiqətən də film Azərbaycan xalqının qurbanları barədə deyil, şəhidləri barədə bir cəngavərlik dastanıdır. Bədii filmdə Bakının 1990-cı ildə yaşadığı iki gecəni - yanvarın 19-dan 20-ə keçən və yanvarın 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

Filmin uğurlu alındığını söyləsək, zənnimcə yanılmarıq. Bunu tamaşaçıların alqışları da bir daha təsdiqlədi. Təbii ki, bu uğurun səbəblərindən biri rejissorun yanvar hadisələrinin canlı iştirakçısı olmasıdır. Müstəqillik yolunda fədəkarlıq, qəhrəmanlıq, vətənpərvərlik nümunəsi göstərmədən belə ekran əsəri yaratmaq asan deyil və bu, ölkəmizin kino tarixində qızıl hərflərlə yazılacaq. Ona görə ki, qanlı faciə zamanı yaşanmış real hadisələri, Tanrıya, Vətənə, Anaya, Müstəqilliyə olan sevgini əsas süjet xətti seçən rejissor filmdə prosesləri təkrarlamayıb, hadisələri kopyalamayıb, əksinə, hadisənin mahiyyətini bədii tərzdə tamaşaçılara çatdırıb, baş rol qəhrəmanlarının timsalında bütöv xalqın susadığı müstəqillik ruhu uğrunda necə mübarizə apardığını canlandırıb.

Bu filmdə Amerika Birləşmiş Ştatlarının, Türkiyənin və İranın məşhur aktyorlarının rol almasınında çox böyük əhəmiyyəti var. “Santa Barbara” serialından Meyson kimi tanıdığı Leyn Davies və Türkiyənin məşhur aktirsası, "Möhtəşəm Yüzyıl" serialının Validə sultanı Nebahat Çehre, rus xalqının təmsilçisi, görkəmli aktyor Yuri Baliyev kimi tanınmış şəxslərin filmin yaradıcı heyətinin tərkibində olması "Qanlı Yanvar" filminin həm diqqətçəkici, həm maraqlı, həm də beynəlxalq gücünü və dünya miqyasında tanınması baxımından faydası var.

Rejissor və ssenarist Vahid Mustafa Yev 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi barədə çəkdiyi "Qanlı yanvar" filmindən bəhs edərkən deyib: "Biz keçmiş Sovet İttifaqından müstəqilliyi birinci qazanmış xalqıq. Başqaları bizdən sonra müstəqil ola bildilər. Bizim 25 il əvvəl keçdiyimiz yolu özlərini daha mədəni sayan toplumlar indi keçir. Mənim çəkdiyim film Azərbaycan xalqının bu cəngavərlik dastanı barədədir.

Doğrudan da müstəqil Azərbaycan dövlətinin təməli güclüdür. 20 yanvar Azərbaycanın tarixində çox böyük və şərəfli bir hadisədir, müstəqillik mücadiləsidir. Xalqın özünü dərk etməsi və nizamlı şəkildə azadlıq uğrunda vuruşması və nəticə olaraq qələbəsidir. Məhz 20 yanvar hadisəsi bizə doğurdan da milli dirçəliş, xalqa özünü dərk etmək nöqteyi-nəzərindən çox böyük hadisədir və çox böyük qələbədir."

...Nəhayət, 25 ildən sonra ilk dəfə öz faciəmizin kinosuna baxdıq. Yetmiş il varımızı, yoxumuzu, sərvətimizi, dinimizi, mənəviyyatımızı əlimizdən almağa çalışan Sovet rejiminin “başbilənləri”nin, Azəbaycana və onun xalqına qarşı amansızlıq, qəddarlıq edən, silah qaldıran, cani rolunu oynayan imperiya əsgərlərinin mülki şəxslərə necə divan tutduğunu kino ekranlardan izlədik.

XIX əsrin yapon yazıçısı və ictimai xadimi Sedzin Sakumanın dediyi kimi: “Biz düşmənin parlaq şəkildə tətbiq etdiklərindən məharətlə nəticə çıxardıqdan sonra onun üzərində qələbə haqqında danışa bilərik” prinsipi ilə yaşayaraq ikinci dəfə müstəqillik qazanmağın nə qədər şərəfli olduğunu da bu kinoda fəxarətlə izlədik.

Bəli, Qəhrəmanlıq Qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur. Lentə aldığı, ərsəyə gətirdiyi "Qanlı Yanvar" filmi ilə əsl qəhrəmanlıq göstərib bütün qəhrəmanların ömrünü uzadan, xatirələrə əbədi hopduran, tarixi ancaq qaliblər yazır, bəzən ölüm şərəfli yolun başlanğıcıdır deyən müəllif Vahid Mustafa Yevə və filmin yaradıcı kollektivinə minnətdarlığımızı çadırır, onları təbrik edir, qanı bahasına başa gələn Müstəqil Azərbaycan naminə fəaliyyətlərində bəşəri nailiyyətlər arzulayırıq. Əminik ki, Azərbaycanın müstəqillik mübarizəsindən bəhs edən “Qanlı yanvar” ölkəmizin kino tarixində layiqli yerini tutacaq, dünyanın ən böyük kino festivallarının qalibi olacaq.































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR