Məktəblərdə kişi müəllimlərin sayı niyə azdır? - AÇIQLAMA

Kişi müəllimlərin məktəblərdə azlığı müasir təhsil sisteminin diqqət çəkən problemlərindən biridir. Bu məsələ həm gender bərabərliyi, həm də təhsil keyfiyyətinə təsir baxımından əhəmiyyətli kəsb edir. Cəmiyyətin kişi müəllimlərə qarşı formalaşdırdığı stereotiplər, bu peşənin qadınlar üçün daha münasib görünməsi və digər sosial amillər də məktəblərdəki kişi müəllim qıtlığına təkan verən amillər sırasındadır.

Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a bildirib ki, məktəblərdə kişi müəllimlərin azlığı sadəcə Azərbaycanda deyil, demək olar ki, bir çox bənzər ölkələrdə problemdir:

“Burada əsas səbəb təbii ki, maddi məsələlərlə əlaqəlidir. Yəni kişilər ailə başçısıdır və ailənin iqtisadi yükünü çəkən insanlardır. Ona görə daha qazanclı işləri seçirlər və son illərdə bu tendensiya artıb. Qeyd edim ki, artıq müəllimlərin sertifikasiyası, MİQ prosesindən sonra son illərdə müəllim seçilənlərin içərisində kişilərin sayı artmağa başlayıb. Ümid edirəm ki, bu tendensiya davam edəcək”.

Ekspert qeyd edib ki, başqa bir səbəb isə qadınlar üçün pedaqoji sahədə çalışmağın daha münasib olmasıdır:

“Qadın anadır, eyni zamanda tərbiyəçidir, onların çalışacağı bir neçə istiqamət var: tibb, təhsil, mədəniyyət sahələri və s. Amma düşünürəm ki, kişilərin məktəbə qayıtması müəyyən qədər təşviq edilə bilər. Xüsusilə əksəriyyəti xanım olan kollektivlərə mütləq bir neçə kişi müəllimə üstünlük verilə bilər. Çünki bəzi məktəblərdə hətta bədən tərbiyəsi üçün, ibtidai hərbi çağırışa hazırlıq fənni üçün belə kişi müəllim tapıla bilmir. Düşünürəm ki, müəyyən bir proqram həyata keçirilməlidir. Bu şagirdlərin psixologiyası və onların yetişməsi üçün də faydalı olar”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı