İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 295 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 295 mln. manat güzəştli kredit verilib
15:37 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:32 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu keçirib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda 100-dən çox sahibkar iştirak edib.

 

Tədbirdə vurğulanıb ki, dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyllərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyildir ki, bu il sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən daha çox - 295 mln. manat güzəştli kredit verilib. Bu kredit hesabına 5570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6% artırıb. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

 

Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi 2014-cü ildə istifadəyə verilib. O cümlədən, 2014-cü il “Sənaye ili”ndə 27 yeni sənaye müəssisəsinin yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 mln. manat güzəştli kredit verilib. 

 

Bildirilib ki, 2015-ci ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, iri fermer,  intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, müasir istixana komplekslərinin, meyvə-tərəvəz emalı, qarışıq yem istehsalı, çörək istehsalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

 

Qeyd edək ki, forum çərçivəsində 44 sahibkarlıq subyektinə 546,7 min manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, heyvandarlıq, bağçılıq, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 60-dan çox yeni iş yerinin açılmasına imkan yaradacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR