Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar mətbuat məlumatı yayıb

Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar mətbuat məlumatı yayıb
08:48 20 Yanvar 2015
264 Ölkə
Ölkə mətbuatı
A- A+


Tokio, 20 yanvar, AzərTAc
Yanvarın 20-də Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar mətbuat məlumatı yayıb.
“Qara yanvar”ın 25-ci ildönümü” adlanan mətbuat məlumatında deyilir: “Bu gün Azərbaycan xalqı sovet imperiyasının son nəfəsində, bütün dünyada “Qara yanvar” kimi tanınan bir gündə qəddarcasına qətlə yetirilmiş vətəndaşlarını anmaq üçün sükut edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu və tankları Azərbaycan paytaxtı Bakı şəhərinə soxularaq 133 nəfəri qətlə yetirdi, 700-dən çoxunu isə yaraladı. Həmin gün tarixə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Sovet rejimi azərbaycanlıların azadlıq uğrunda mübarizəsini boğmaq üçün güc tətbiq etdi. Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqilliyə doğru ciddi addım atan ilk respublika idi. Böyük qırğınlar törətməsinə baxmayaraq, sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi, cəmi 20 aydan sonra o öz müstəqilliyini bərpa etdi.
“Qara yanvar” Azərbaycan xalqının iradəsini və mübarizliyini bütün dünyaya göstərdi. Sovet İttifaqı rəhbərliyinin xalqın gözünü qorxutmaq, zülmə söykənən sovet sisteminin ömrünü güc yolu ilə uzatmaq cəhdi iflasa uğradı”.
Mətbuat məlumatında qeyd edilir ki, Yaponiyadakı Azərbaycan icmasının üzvləri və Azərbaycanın dostları 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar səfirlikdə toplaşaraq, 1990-cı ilin yanvarında baş vermiş faciəni anacaq və Vətən uğrunda həlak olanların xatirəsinə ehtiramlarını bildirəcəklər.
Mətbuat məlumatı Yaponiyanın dövlət strukturlarına, bu ölkədəki diplomatik nümayəndəliklərə, elm və təhsil müəssisələrinə, beyin mərkəzlərinə, qeyri-hökumət təşkilatlarına və kütləvi-informasiya vasitələrinə göndərilib.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Yaponiyadaki_sefirliyi_20_Yanvar_faciesinin_25_ci_ildonumu_ile_elaqedar_metbuat_melumati_yayib-825990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR