Neft müharibəsində artıq məğlub var

Neft müharibəsində artıq məğlub var
09:22 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Neft bizə gərək deyil. Neft maşınlarımıza lazımdır" (Ceyms Vulsi, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru) 
Dünyanın istisnasız olaraq bütün ölkələrinin iqtisadiyyatlarına təsir edən amillər arasında neft ilk yeri tutur. Avropada kredit və borc böhranı, Çində iqtisadi inkişafın ləngiməsi, ABŞ-da maliyyə sistemində yaşanan problemlər - onların hamısında "qara qızıl"ın izləri hiss olunur. Ötən ilin ortalarından bəri bütün xəbər proqramlarının buraxılışlarında, ən böyük və nüfuzlu informasiya strukturlarının məlumatlarında neftin ucuzlaşması, bahalaşması, sonra yenidən ucuzlaşması ön yerdədir.
 
Xəbərlər, şərhlər, təxminlər
 
2008-ci ildə neft qiymətlərinin sürətlə, qəflətən ucuzlaşdığı dövrlə müqayisədə indi daha çox danışılır "qara qızıl"ın dəyər itkisindən.
1990-cı illərin sonlarında neft bazarlarında qiymətlər tarixi maksimuma çatanda belə, indiki təki müzakirələr olmamışdı.
 
Neft bəşəriyyətin qorxduğu, eyni zamanda itirmək istəmədiyi unikal məhsul olaraq qalır.
Əsrlər boyu neft adi yanacaq idisə, indi bəşəriyyət üçün su təki əvəzolunmaz nəsnəyə çevrilib. Bunu şotland jurnalist və yazıçı Ceyms Buçan söyləyir.
Razılaşmamaq çətindir.
 
İsrailin mərhum baş naziri Qolda Meir bir dəfə sinirlənərək demişdi: "Biz yəhudilərin Musa Peyğəmbərdən incikliyimizdən bəhs etmək istəyirəm. O, ulu babalarımızı 40 il sərasər səhraları dolaşdırdı və axırda da Yaxın Şərqdə neftin olmadığı yeganə yerə gətirdi".
Neft qlobal miqyasda əsas iqtisadi, siyasi, hətta sosial amilə çevrilib. Neftin hasilatı, daşınması və satışı sahələrindəki istənilən formada ciddi dəyişikliklər ictimai həyatın bütün sahələrində köklü yeniliklərə səbəb olur.
 
Və nə olursa-olsun, ABŞ-ın və Qərbin bütün səylərinə rəğmən Fars Körfəzi ölkələri hələ də qlobal neft bazarının əsas oyunçuları olaraq qalırlar.
Qərb ərəblərin neftlə bağlı siyasətini aqressiv sayır. Ola bilər - ərəblər amerikalıların təzyiqlərinə və pressinqinə bundan sonra da boyun əyərək müti fiqur rolu ilə barışmaq istəmirlər.

Tarixi dövrü yaşayırıq

Məsələ heç də "qara qızıl"ın 50 faiz ucuzlaşması deyil.
 
İş ondadır ki, köhnə, effektivliyini itirmiş metodları yeni neft siyasəti əvəzləməkdədir. Bazarın yeni reallıqları isə yalnız gerçəkdən də güclü oyunçuların meydanda qalacağını, zəiflər, habelə "vur və qaç" prinsipli siyasət yürüdən şirkətlərlə dövlətlərin kölgəyə çəkiləcəyini şərtləndirir.
Neft bazarında yaşanan dəyişikliklər unikal, misli görünməmiş miqyasdadır.
 
Rusiya, İran və Venesuelanı "diz çökdürmək" üçün sanksiyalardan sonra şist neftinin hasilatını hədsiz dərəcədə artıran ABŞ-ın taktikası uğursuzluğa düçar olub. Birləşmiş Ştatlarda şist neftinin hasilatı aşağı düşür, neft buruqları dalbadal dayandırılır, ən böyük neft korporasiyalarının bazar dəyərləri ucuzlaşır, "üzən neft anbarları" inkişaf edir.
 
Sadəcə, son 43 gündə ABŞ-da şist nefti mədənlərindəki buruqlarda qazma işlərinin ümumi həcmi 17 faiz azalıb. Hər həftə onlarla buruqda qazma dayandırılır.
Ekspertlər hesab edirlər ki, ABŞ-ın hakimiyyət dairələrini pərişan edən təmayül daha da sürətlənəsidir. İlkin hesablamalara görə, yaxın aylarda ABŞ-da geoloji-qazma işlərinin toplam həcmi 14,1 faiz azalacaq.
Amerikalılar etiraf edirlər ki, dünya bazarlarında xam neftin qiymətlərinin ucuzlaşması hasilatın rentabellik səviyyəsini aşağı saldığından rekord sayda buruqlar bağlanıb.
 
OPEK, daha doğrusu, İran, Rusiya və Fars Körfəzi ölkələri də

Elə buna can atırdılar.
 
“Baker Hughes Inc”in hesabatına görə, son 6 həftədə Birləşmiş Ştatlarda 209 buruq bağlanıb. Bu isə müşahidələrin aparılmağa başlandığı 1987-ci ildən bəri rekord göstərici sayılır.
 
Ötən həftə 55 buruqda işlər dayandırılıb ki, onların 48-i çətin hasil olunan neftin çıxarılması üçün üfqi qazmanın aparıldığı buruqlardı.
Ən pis durum şist nefti yataqlarındadır. Texasdakı Perm və İlq-Ford yataqlarında 27, Şimali Dakotadakı Bakken yataqlar blokunda isə 6 buruqda işlər dayandırılıb.
“Şimali Amerikanın Səudiyyə Ərəbistanı” adlandırılan Şimali Dakotada şist nefti hasilatında ixtisaslaşmış “Continental Resources” şirkətindən verilən məlumata görə, ilin sonunadək platformaların sayını azaldaraq 31-ə çatdıracaq.
 
Şirkət xərcləri 4,6 milyard dollardan 2,7 milyarda qədər azaltmaq məcburiyyətində qaldığını da bildirib.
Dünyanın ən böyük neft servisi şirkəti sayılan “Schlumberger” (ABŞ) isə əməkdaşlarının təqribən 7 faizini, yəni 9 min nəfəri ixtisar edəcəyini bəyan edib.
Ekspertlər bunu dünya neft hasilatının 40 faizinə nəzarət edən OPEK-in ABŞ-ın şist nefti hasilatı ilə mübarizəsində qələbəsi hesab edirlər.
"WTRG Economics" konsaltinq şirkətinin prezidenti Ceyms Uillyams deyir: "OPEK-in strategiyası uğurlu oldu. ABŞ-da şelf yataqlarında və şist mədənlərində hasilat həcmləri sürətlə azalır".
 
Bəzi amerikalı mütəxəssislər isə hesab edirlər ki, əgər yaxın aylarda dünya bazarlarında xam neftin 1 barrelinin qiyməti 60 dollara çatmasa, Birləşmiş Ştatlarda neft hasilatı ümumiyyətlə dayandırıla bilər.
 
Halbuki ötən ilin ortalarında rəsmi Vaşinqton çox nikbindi. Ağ Ev neft hasilatçısı olan ölkələrdə qiymətlərin ucuzlaşmasından sonra yaranmış gərgin duruma sevinir, Rusiya, İran, Venesuela və Səudiyyə Ərəbistanına öz şərtlərini tam diqtə edə biləcəyi vaxtı səbirsizliklə gözləyirdi.
Di gəl,

Ağ Evin planları özünə qarşı işlədi.
 
Neft-qaz hasilatı və satışı ilə məşğul olan 24 ən iri şirkətdən 22-nin səhmlərində sürətli ucuzlaşma müşahidə olunur.
Məsələn, ABŞ-ın "Chevron" və "ExxonMobile" korporasiyalarının ümumi bazar dəyəri 95 milyard ucuzlaşıb.
Nəhəng şirkətlərin bəziləri əməkdaşlarının maaşlarını azaldıb, bəziləri isə kütləvi ixtisarları çarə sayıb.
 
Analitiklərin hesablamalarına görə, bu il qlobal miqyasda iqtisadiyyatın energetika sektorunda xərclər 6,7 faiz azalacaq.
 
Britaniyanın "Barclays" bankının hesabatında isə deyilir ki, Fars Körfəzi ölkələri ilə yanaşı, Azərbaycan istisnadır: "Bu dövlətlərdə xərclərin əhəmiyyətli şəkildə azaldılması nəzərdə tutulmayıb. Tam əksinə, xərclərin orta hesabla 14,4 faizlik artımı nəzərdə tutulub".
 
Şübhəsiz olan bir məqam da var ki, dünya neft bazarlarında ötən il spontan, xaotik şəkildə başlanmış dəyişikliklər bu il də davam edəcək. Səbəb çox bəsitdir: neft bazarının üzdəniraq "stabilliyi" son illərdə əslində əsla stabil deyildi.
 
Belə dəyişikliklər nəticəsində son vaxtlaradək "topdağıtmaz" təsir bağışlayan nəhəng korporasiyalar ciddi itkilər verəcək, məğlubiyyətə düçar olacaq, müstəqil siyasət yürüdən neft hasilatçısı ölkələr isə mövqelərini daha da möhkəmləndirəcəklər.
 
Yeni, ilk baxışdan paradoksal görünsə də, stabilləşməyə doğru gedən proseslər başlanıb.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR