Biləsuvar sərhəd-keçid məntəqəsindən minik, yük maşını və sərnişin avtobuslarının gediş-gəlişi azalıb

Biləsuvar sərhəd-keçid məntəqəsindən minik, yük maşını və sərnişin avtobuslarının gediş-gəlişi azalıb
10:03 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

"Son zamanlar minik, yük avtomobilləri və sərnişin avtobuslarının Biləsuvar sərhəd-keçid məntəqəsindən gediş-gəlişi azalıb ki, bu azalmaya səbəb olan amilləri artıq aradan qaldırmışıq". Bunu Trend-ə İranın Biləsuvar Gömrüyünün baş direktoru Siyavəş Suri deyib.

Onun sözlərinə görə, 2014-cü ilin noyabr ayından İranın Qaçaqmalçılıqla Mübarizə Təşkilatı qərar qəbul etmişdi ki, sərhəd-keçid məntəqələrində minik, yük avtomobilləri və sərnişin avtobuslarının çənlərindəki benzinin həcmi yoxlanılsın və hesablanaraq sürücülərdən çənlərdə qalan yanacağın miqdarına görə vergi alınsın: “Bu qərarın qəbulu Biləsuvar sərhəd-keçid məntəqəsindən yük avtomobillərinin və sərnişin avtobuslarının gediş-gəlişinin 18 faiz azalmasına səbəb oldu”.

S.Suri bildirib ki, artıq bu problem öz həllini tapıb və ölkənin Qaçaqmalçılıqla Mübarizə Təşkilatının məlum qərarı sərnişin avtobusları ilə bağlı ləğv edilib və yaxın gələcəkdə yük və minik avtomobilləri üçün də ləğv ediləcəyi ehtimal olunur.

O, qeyd edib ki, cari ilin 8 ayı ərzində İrana məxsus 20 385, digər ölkələrə məxsus 18 679 ədəd yük maşını Biləsuvar sərhəd-keçid məntəqəsindən istifadə ediblər: “Bu yük maşınları əsasən İran, Azərbaycan, o cümlədən Naxçıvan MR, Rusiya, Türkiyə və İraqa yük daşıyıblar".

Onun sözlərinə görə, bu müddət ərzində Biləsuvar sərhəd-keçid məntəqəsi vasitəsilə 4033 sərnişin avtobusu, 2356 minik avtomobili gediş-gəliş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə gediş-gəlişlərin 14 faiz azaldığını göstərir.

S.Suri deyib ki, Biləsuvar sərhəd-keçid məntəqəsi vasitəsilə İrana 704 154 nəfər azərbaycanlı gəlib: "Eyni dövrdə Biləsuvar sərhəd-keçid məntəqəsindən 30 637 iranlı istifadə edib. Hər gün orta hesabla 3 min nəfər bu sərhəd-keçid məntəqəsindən istifadə edir".

Biləsuvar sərhəd-keçid məntəqəsinin 24 saat fəaliyyəti ilə bağlı açıqlama verən S.Suri deyib ki, bunun üçün bəzi işlər görülməlidir: “Hazırda Biləsuvar (İran) sərhəd-keçid məntəqəsində yeni istifadəyə verilən terminalda bəzi tamamlanma işləri aparılır, işçilərin sayı artırılmalıdır və iki ölkə arasında koordinasiya işləri görülməlidir. Gömrüyün fəaliyyətinin 24 saat olması təsdiqlənib, danışıqlar gedir və ümid edirəm ki, Novruz bayramına kimi bu baş tutacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2354956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR