Ermənipərəstlər: növbəti fitnəkarlıq

10:18 20 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Ermənistan həmişə Azərbaycan haqqında yalan informasiyalar yayır. İrəvanın bu cəhdləri bir nəticə verməsə də, proses davam edir. Son vaxtlar ermənipərəst KİV-lərdə dini, etnik və geosiyasi faktorlardan süni arqument kimi istifadə etməklə anti-Azərbaycan ruhunda fikirlər irəli sürülür. Bunların arxasında Cənubi Qafqazda Azərbaycanın təhlükə mənbəyi olduğu iddiası gizlənir. Bakını İsraillə yaxın göstərib İran və Türkiyəyə qarşı qoymaq niyyətlərinin olduğu hiss edilir. Eyni zamanda, dini və etnik mənsubluq amilindən əsassız olaraq istifadə etməklə Azərbaycan üçün müəyyən çətinliklər yaratmağa cəhd edilir. Bütün bunların arxasında düşmən qüvvələrin çirkin məqsədlərinin dayandığı məlumdur. Onların Azərbaycanı müstəqil siyasətindən döndərə bilməyəcəklərinə qətiyyən şübhə yoxdur.
Uğursuz siyasət: İrəvan nümunəsi
Ermənistan geosiyasi dalandan çıxış yolu tapa bilmir. Ölkə rəhbərliyinin yeritdiyi xarici siyasət kursu çoxlu sayda problemlər meydana gətirib ki, qlobal miqyasda cərəyan edən mürəkkəb proseslər İrəvan üçün vəziyyəti daha da ağırlaşdırır. Erməni KİV-ləri bu barədə məlumatlar yayır. İndi rəsmi İrəvan demək olar ki, bütün böyük dövlətləri ona lazımi dəstək vermədiklərinə görə ittiham edir. Bir tərəfdən onların hər biri ilə yaxşı münasibət qurmaqda maraqlı olduğunu ifadə edir, digər tərəfdən isə tənqid atəşinə tutur. Bunun fonunda son dövrlərdə ermənilərin geosiyasi aspektdə öz qonşusu Azərbaycanla bağlı əsassız fikirlər də irəli sürdüyü müşahidə edilir.
Onlar bir neçə istiqamətdə Azərbaycanı ziddiyyətli məqamlarla əlaqələndirməyə çalışırlar. Burada dini və etnik faktordan da istifadə etməyə cəhdlər göstərilir. Hiss olunur ki, düşmən bir sıra radikal dini cərəyanları Azərbaycana qarşı yönəltmək niyyətindədir. Bunun üçün ortaya belə bir ideya atılıb ki, guya “İsrail Azərbaycanı böyük müharibəyə hazırlayır” (bax: Саркис Цатурян. Израиль готовит Азербайджан к Большой войне / "Regnum", 9 yanvar 2015).
Özü də bu zaman Bakı Ankara və Tehrana qarşı qoyulur. Guya Azərbaycan Cənubi Qafqazda İranın nüfuzunun yüksəlməsinə imkan verməməlidir və eyni zamanda, Türkiyədəki kürdlərə dəstək verməklə burada separatizmi alovlandırmalıdır. Təbii ki, bu cəfəng fikirləri sağlam düşüncə qəbul etmir. Lakin məsələnin geosiyasi və ideoloji tərəfi müəyyən suallar yaradır.
Azərbaycan reallıqda bütün region dövlətləri ilə (məlum səbəblərdən Ermənistan istisnadır) münasibətlərini inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu buna tam nail olmağa imkan verir. O cümlədən İranla əlaqələr daim irəliləyir. Bunu son illərdə hər iki ölkə rəhbərlərinin görüşlərində müzakirə olunan məsələlər və imzalanan sazişlər sübut edir. 2014-cü ildə isə münasibətlərin səviyyəsi daha da yüksəlib. Azərbaycan Prezidenti dəfələrlə bununla bağlı konkret mövqeyini bildirib. İranın dövlət başçısı da Bakı ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Belə olan halda ermənipərəst qüvvələrin İran-Azərbaycan münasibətlərinə kölgə salmaqda məqsədləri nədən ibarət ola bilər? Onlar nəyə görə məhz İsrail faktorundan istifadə edərək ortaya şübhə toxumu səpməyə çalışırlar? Məsələ də elə burasındadır ki, hətta mürəkkəb geosiyasi vəziyyətdə belə rəsmi Bakı müxtəlif qüvvələr arasında balansı saxlaya bilir, bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaşlığa nail olur. Bəzi qüvvələr bu uğura kölgə salaraq Azərbaycanın regional təhlükə mənbəyi obrazını yaratmaq məqsədini güdür.
İndi İsraili Azərbaycana hərbi yardımlar edib, region ölkələrinə qarşı hərəkət etməyə məcbur edən dövlət kimi təqdim edərək, rəsmi Bakının guya müstəqil xarici siyasət yeritmədiyinə işarə olunur. Eyni zamanda, hesab edilir ki, yəhudilərlə Azərbaycanın əməkdaşlığı bir sıra radikal dini qrupların diqqətini buraya yönəldə bilər. Təsadüfi deyil ki, ermənipərəst qüvvələr tez-tez Amerikadakı yəhudi lobbisinin müxtəlif məsələlərdə Bakıya dəstək verdiyini vurğulayırlar.
Əsassız ittihamlar: dini, etnik faktorlar və geosiyasət
Buradan iki nəticə çıxarmaq olar. Birincisi, guya kənar bir dövlətin təhriki ilə silahlanaraq Azərbaycan Cənubi Qafqazda sabitliyə təhlükə yaradır. Tamamilə ağ yalan olan bu fikrə, şübhəsiz, inanan yoxdur. Ancaq bütün bunlar ermənipərəst dairələrin şər-böhtan atmaqda heç bir sərhəd tanımadıqlarını göstərir. Ermənistanın xaricdən güzəştli şərtlərlə tez-tez külli miqdarda müasir silahlar aldığından danışmırlar. İrəvanın imkanları Azərbaycandan xeyli az olsa da, təcavüzkarlığından əl çəkmir və müxtəlif yollarla silahlanmanı davam etdirir. Bunun qarşılığında Azərbaycan nə etməlidir? Təbii ki, özünümüdafiə tədbirləri görməlidir. O cümlədən onun İsraildən də silah almaq hüququ var.
İkincisi, azərbaycanlılarla yəhudilərin yaxşı münasibətlərini xüsusi kontekstdə təqdim etməklə olduqca mənfur bir niyyət ortaya qoyulur. Bununla müsəlmanlarda anti-Azərbaycan ovqatı yaratmağa cəhd edilir. Özü də bu, Fransada baş verən məlum terror hadisələri fonunda təqdim edilir. Bu kimi cəhdlər radikal və fanatik dini qrupları Azərbaycana qarşı istiqamətləndirmək məqsədi daşıya bilər.
Ancaq bu əsassız ittihamın da real nəticəsi ola bilməz. Çünki Azərbaycan təcrübədə sübut edib ki, regionda əsl tolerantlıq məkanıdır. Burada müxtəlif dinə etiqad edən adamlar əsrlərdir ki, mehriban qonşuluq şəraitində yaşayırlar. Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, dövlət səviyyəsində multikulturalizmin inkişafına çox ciddi dəstək verir. Təsadüfi deyil ki, Bakıda dinlər və mədəniyyətlərarası əlaqələrə həsr edilmiş böyük beynəlxalq tədbirlər keçirilib. Bunları necə etiraf etməmək olar?
Ermənipərəst qüvvələrin Azərbaycanda dini əsasda qarşıdurma yaratmaq cəhdləri, əslində, yeni deyil. Onlar uzun müddətdir ki, buna çalışırlar. Hətta Dağlıq Qarabağ münaqişəsinə də dini don geyindirməyə cəhd edilir. Bunların heç biri baş tutmadı. Bütün dünya gördü ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal edib. İndi o, həmin ərazilərdən qeyd-şərtsiz çıxmalıdır. Bunu etmək əvəzinə isə yenə yalan informasiyalar yaymaqla məşğuldur.
Məlum olduğu kimi, Yaxın Şərqdə radikal dini qruplar terror dalğasını gücləndiriblər. Dünyada demək olar ki, elə bir ölkə yoxdur ki, terrordan sığortalanmış olsun. Fransada baş verənlərə bu aspektdə yanaşdıqda, Avropanın müəyyən təhlükələrlə üzləşdiyini demək olar. Bunun fonunda isə Azərbaycanı öz müsəlman qardaşları ilə qarşı-qarşıya qoymaq cəhdləri yolverilməzdir. Maraqlıdır ki, əks tərəf Azərbaycanda həm də xristianların hüquqlarının pozulduğundan dəm vurur. Belə çıxır ki, onlar sistemsiz və məntiqsiz ittihamlar irəli sürməkdən çəkinmirlər.
Anti-Azərbaycan kampaniyası bununla məhdudlaşmır. Ermənipərəst dairələr geosiyasi əməkdaşlıq səviyyəsində də ölkə ilə bağlı yalan informasiyalar yayırlar. İndi onlar regionda Rusiya-İran-Türkiyə əməkdaşlığının formalaşdığından yazırlar (bax: məs., Станислав Тарасов. Россия, Турция и Иран на пути к новому балансу сил / "Regnum", 8 yanvar 2015). Bu dövlətlər hansı mənada qüvvələrin yeni balansını axtarırlar?
Məsələnin mahiyyəti də elə bundadır. Sən demə, burada həm Azərbaycana mənfi rol ayrılır, həm də Amerikanın təsirinə az diqqət yetirilir. Bizim ABŞ-la bağlı vəziyyətə toxunmaq fikrimiz yoxdur. Ancaq Azərbaycanı yəhudi dövlətinə kürdlər vasitəsi ilə neft satmaqda ittiham etmək olduqca cəfəng bir iddiadır. Əvvəla, Azərbaycan bütün xalqlara dərin hörmət bəsləyir. Bu ölkədə yaşayan kürdlər də layiqli vətəndaşdırlar və dövlətçiliyə sadiqdirlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərini hansısa etnik faktorla bağlamaq ən azından böyük naşılıqdır. Bu layihə geniş geosiyasi məkanda təsiri olan və yalnız dövlətlər səviyyəsində işləyə bilən ciddi hadisədir. Ondan öz dövləti çərçivəsində hər bir xalq faydalana bilər. Azərbaycanın ayrıca İsrailə külli miqdarda neft satması isə qeyri-ciddi iddiadır, çünki ölkənin enerji ixracatı tam şəffafdır və burada qaranlıq heç nə yoxdur.
Bütün bunlar onu göstərir ki, regionda yeni qüvvələr balansının yarandığını söyləməklə, əslində, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür.
İkincisi, Cənubi Qafqazda Rusiya-İran-Türkiyə əməkdaşlığının inkişaf etməsi, ilk növbədə, Azərbaycan üçün sərfəlidir. Çünki Bakı daim regional əməkdaşlığı gücləndirən siyasətin tərəfdarı olub. Bu kontekstdə onun Türkiyə ilə arasını kürd məsələsinə görə vurmağa çalışanlar boş yerə vaxt sərf edirlər. Görünür, onlar Ankara-Bakı xəttinin Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsasını təşkil etdiyini dərk edirlər.
Beləliklə, Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlər və regionda geosiyasi nüfuzunun artması ermənipərəst dairələri narahat edir. Onlar özlərinin düşdükləri ağır vəziyyətdə Azərbaycanı da görmək istəyirlər. Lakin bu, mümkün deyil, çünki rəsmi Bakı müstəqil siyasətindən heç zaman geri çəkilməyəcəkdir.
Newtimes.az

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermeniperestler_novbeti_fitnekarliq-825995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR