20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində yad edilib (FOTO)

20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində yad edilib (FOTO)
13:24 20 Yanvar 2015
69 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı Ukraynanın Xarkov şəhərində anım mərasimi keçirilib.

Xarkov Vilayət Dövlət administrasiyası rəsmilərinin, diplomatların və diaspor fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminə qatılanlar əvvəlcə Azərbaycan Televiziyasının hazırladığı "Qanlı yanvar" sənədli filminə baxmaqla 25 il bundan öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirtdiyi amansız qətliamlarla tanış olublar.

Mərasimdə çıxış edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov 25 il bundan öncə müasir silahlarla yaraqlanmış 30 mindən çox sovet qoşunlarının Azərbaycanda hərbi siyasi cinayət törətdiyini diqqətə çatdırıb. 20 Yanvar gecəsində Azərbaycanın cəsur oğul və qızlarının göstərdiyi qəhrəmanlıq şücaətindən söz açan fəxri konsul müstəqil Azərbaycan dövlətinin qurucuları kimi tarixə düşən şəhidlərimizə ümumxalq sevgisindən bəhs edib. Bu gün Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu diqqətə çatdıraraq, Prezident İlham Əliyevin əmrinə əsasən qüdrətli Azərbaycan Ordusunun qısa bir zamanda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb.

Tədbirdə Xarkov Vilayət Dövlət administrasiyası başçısının müavini Yevgeniy Şaxnenko, Xarkov vilayət Deputatlar Şurasının sədr müavini Lyudmila Davıdova və digər rəsmi şəxslər çıxış edərək, tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildiriblər. Hər iki xalqın müstəqillik və azadlıq yolunda çoxsaylı qurban verdiklərini qeyd edən dövlət rəsmiləri 25 il bundan öncə qanları bahasına dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına güc və müdriklik, işğal altında olan torpaqlarının tez bir zamanda geriyə qaytarılmasını arzulayıblar.

Mərasimdə Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR