Avstraliyanın “The Canberra Times” qəzeti 20 Yanvar faciəsindən yazır

Avstraliyanın “The Canberra Times” qəzeti 20 Yanvar faciəsindən yazır
13:26 20 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Kanberra, 20 yanvar, AzərTAc 
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “The Canberra Times” qəzetində “1990-cı ilin 20 yanvarı: Azərbaycanda qırmızı terrorun qara üzü” adlı məqalə dərc olunub.
Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin keçmiş Sovet İttifaqında yaranan gərgin vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək istiqamətində məkrli planın həyata keçirilməsi məqsədilə keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları bildirilir. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 80–ci illərinin sonlarında 250 min azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulub, 200-dən artıq insan amansızlıqla qətlə yetirilib. Buna etiraz olaraq, azərbaycanlıların Bakı və digər şəhərlərdə meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və Azərbaycana müstəqillik verilməsi şüarları ilə çıxışlar etdikləri vurğulanır.
Müəllif 1990-cu il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingentinin Bakıya daxil olması və silahsız insanlara atəş açması haqqında məlumat verir, bu aksiyanın SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olduğu vurğulanır. Məqalədə qeyd edilir ki, əməliyyatdan əvvəl Azərbaycan televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan məhrum edilib, ordunun atəş açmasından və insanların qətlə yetirilməsindən yeddi saat sonra fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olub.
Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək faciəni törədənləri pisləyib və buna görə keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun birbaşa məsuliyyət daşıdığını söyləyib. Sonrakı illərdə isə Ümummilli Liderin qətiyyəti sayəsində hadisəyə siyasi- hüquqi qiymət verildi. Ulu öndər Heydər Əliyev böyük müdrikliklə Azərbaycan xalqının müstəqil dövlət qurmaq arzusunu gerçəkləşdirdi. 20 Yanvar faciəsi qanla yazılan şanlı tarixə çevrildi.
Yazıda faciənin qurbanlarına Prezident Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə “20 Yanvar şəhidləri” statusunun verildiyi də diqqətə çatdırılır.
Məqalə Azərbaycan xalqının Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçənləri heç zaman unutmayacağı və onların xatirəsini daim əziz tutacağı barədə fikirlə tamamlanır.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyanin_The_Canberra_Times_qezeti_20_Yanvar_faciesinden_yazir-826028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR