Türkiyə çempionu “Qalatasaray” transfer hazırlıqlarını davam etdirir. İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub və “Kristal Palas”ın seneqallı futbolçusu İsmaila Sarrı heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” 28 yaşlı vinger üçün “Kristal Palas”a 30 milyon avro civarında təklif göndərib. Lakin London klubu bu məbləği yetərli hesab etmədiyi üçün transferə razılıq verməyib. Son məlumatlara görə, “Kristal Palas” Sarr üçün təxminən 60 milyon avro tələb edir.
Sarrın transferinin bu qədər baha qiymətləndirilməsinin əsas səbəblərindən biri onun ötən mövsüm nümayiş etdirdiyi məhsuldar oyun olub. Seneqallı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 45 matçda 21 qola imza atıb. O, “Kristal Palas”ın UEFA Konfrans Liqasındakı uğurunda da əsas fiqurlardan biri olub. Sarr turnirdə 9 qolla bombardir adını qazanıb və mövsümün ən yaxşı futbolçusu seçilib.
Son məlumata görə, İstanbul klubu futbolçu və onun nümayəndələri ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib. Transferin qarşısındakı əsas maneə isə “Kristal Palas”ın yüksək bonservis tələbidir.