Ötən gecə Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfərdən iki nəfər dünyasını dəyişib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bədbəxt hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib.

İlkin verilən məlumata görə, "Kia" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Toqquşmanın güclü olması səbəbindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dörd nəfər yaralıdan ikisi həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.