Gəncəlilər Şəhidlər xiyabanını ziyarət etdilər (FOTO)

Gəncəlilər Şəhidlər xiyabanını ziyarət etdilər (FOTO)
15:23 20 Yanvar 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Gəncə şəhərinin Şəhidlər xiyabanında 20 Yanvar faciəsi ilə bağlı ümumşəhər mitinqi keçirilib.

Mitinqdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, hərbçilər, ziyalılar, şəhid ailələri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və maşınlardan siqnal səsləri verilib. Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev şəhidlərin ruhuna böyük ehtiram və hörmət ifadəsi olaraq, “Şəhidlər” Memorial Kompleksinin önünə əklil qoyub. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxışında bildirib ki, 20 Yanvar faciəsindən 25 il ötür. Xalqımız 25 il ərzində çox rəşadətli və şərəfli yol keçib. İllər, qərinələr ötəcək, amma 20 Yanvar tariximizin şanlı səhifəsi olaraq yaddaşımızda qalacaqdır. 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazlarını bildirən əli silahsız xalqa qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Bu vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazılsa da, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini və əyilməzliyini nümayiş etdirdi.

Qanlı Yanvar faciəsi qurbanlarının heç vaxt unudulmayacağını vurğulayan icra başçısı bildirib ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin ən parlaq səhifəsidir və respublikamızın müstəqilliyinin əsası məhz həmin gecə, müqəddəs şəhidlərimizin canı və qanı bahasına qoyulub. Sovet ordusunun bu qanlı aksiyasına ancaq ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra hüquqi-siyasi qiymət verilib və bundan sonra istər Dağlıq Qarabağ müharibəsində, istərsə də 20 Yanvar faciəsində şəhid və yaxud əlil olan insanlara, onların ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlanıb.

Bu gün Prezident cənab İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin həll edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının sərəncamı ilə 2006-cı ildə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Gəncədə də bu təbəqədən olan bütün insanlar hərtərəfli qayğı ilə əhatə olunublar. "Şəhidlər" Memorial Kompleksinin ucaldılması, bütün məzarların tamamilə vahid formada qara mərmərdən düzəldilməsi, burada abadlıq işlərinin aparılması, onların haqqında kitab nəşr edilməsi Vətən qurbanlarının xatirəsinə qayğının təzahürüdür.

İcra başçısı düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını bildirib və müstəqilliyimiz uğrunda həlak olanlara rəhmət diləyib.

20 Yanvar faciəsində əlil olmuş Hikmət Əmiraslanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şöbəsinin sədri Almaz Aşirov, şəhid anası Zenfira Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov çııxş edərək şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər. Şəhər İcra Hakimiyyəti rəhbərliyinin onları öz doğmaları kimi, daim dəstəklədiyini, hər bir işdə kömək və dayaq olduğunu bildirdilər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şəhər rəhbərliyi və mərasim iştirakçıları şəhid məzarlarını ziyarət edərək üstünə tər qərənfillər düzdülər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR