Nepalda baş verən dağıdıcı sel nəticəsində ölkəyə ilkin hesablamalara görə ən azı 2,56 milyard dollar ziyan dəyib.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin rəhbəri Dharma Rac Upreti məlumat verib.

Onun sözlərinə görə, fəlakətin nəticələrinin aradan qaldırılması üçün ilk dörd ayda təxminən 52,6 milyon dollar vəsait lazım olacaq. Bu vəsait əsasən yolların bərpasına, müvəqqəti sığınacaqların qurulmasına, eləcə də əhalinin su və elektrik enerjisi ilə təminatına yönəldiləcək.

Sel avqustun 26-da Nepalın şimalında, Çin sərhədi yaxınlığında baş verən uçqundan sonra yaranıb. Uçqun nəticəsində böyük qaya və torpaq kütləsi çay yatağı boyunca 70 kilometrdən çox irəliləyərək yaşayış məntəqələrinə ciddi ziyan vurub.