“Apple”ın bu gün təqdim edəcəyi “iPhone 18 Pro” modellərinin yeni kamera xüsusiyyətləri “iOS 27” kodlarında aşkarlanıb.
Metbuat.az xəbər verir ki, iddialara görə, yeni modellərin kamera tətbiqinə çəkiliş zamanı ekspozisiyanı izləməyə imkan verən histoqram və dalğa forması alətləri əlavə ediləcək. Bundan başqa, fokuslanan sahələri rəngli xətlərlə göstərən fokus vurğulama və həddindən artıq işıqlanmış hissələri xəbərdar edən funksiya da təqdim olunacaq.
“iPhone 18 Pro”da avtomatik fokusla yanaşı, manual fokuslama imkanının da olacağı bildirilir. Bu funksiya istifadəçiyə fokus məsafəsini özü tənzimləməyə imkan verəcək.
Digər yenilik isə dəyişən diafraqmaya uyğun obyektiv korreksiyası olacaq. “iOS 27” kodları “Apple”ın diafraqma açıqlığına əsasən görüntü emalını optimallaşdıracağını göstərir. Bu isə yeni modeldə dəyişən diafraqmalı əsas kameranın olacağı ilə bağlı gözləntiləri gücləndirir.
Bundan əlavə, taymerlə çəkiliş zamanı hər fotoşəkildən sonra yaddaş prosesinin tamamlanmasını gözləmədən növbəti geri sayımı başlatmağa imkan verən ardıcıl taymer funksiyasının da təqdim ediləcəyi gözlənilir.